\
22 Noyabr 2024 - Cümə

Turizm sahəsi də çökdü: ruslar artıq istirahətə gedə bilməyəcək

Turizm sahəsi də çökdü: ruslar artıq istirahətə gedə bilməyəcək
1810baxış

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü bu ölkədə aviadaşımalarla yanaşı turizm sahəsini də çökdürüb.

virtualaz.org xəbər verir ki, Rusiya turoperatorlarının son günlər xarici ölkələrə turlar bronlaması on dəfələrlə azalıb. Bu haqda “İzvestiya” yazır.

“İnturist” şirkətinin mətbuat xidmətindən deyiblər ki, tur sifarişləri “dramatik ölçüdə”  - 25 dəfə aşağı düşüb. “Aenx Tour” şirkəti ümumiyyətlə xarici səhayətlərin reallaşdırılmasını dayandırıb, çünki tələbat praktiki olaraq yoxdur. “Coral Travel” və “Sunmar” şirkətləri də analoji addımlar atıblar.

 

Turizm şirkətlərindən bildiriblər ki, indi əsasən yaxın xarici ölkələrə turlar bron edirlər. Bu, qondarma Abxaziya, Ermənistan və Türkiyədir. Lakin “İnturist”də deyiblər ki, Türkiyəyə turların bron edilməsi dayandırılmasa da tələbat kəskin düşüb, çünki uçmağa vasitə yoxdur. Rusiya aviaşirkətləri bütün xarici reysləri dayandırmalı olub. İndi Türkiyədən Rusiyaya “Azimuth” özəl aviaşirkətinin “Sukhoy Superhjet 100” təyyarəsində uçmaq mümkündür, amma aviaşirkətin Rusiya istehsalı olan bu təhlükəli təyyarə ilə reysləri nə vaxta qədər davam etdirə biləcəyi məlum deyil. Eyni zamanda “Yamal” aviaşirkəti Antalyaya Airbus A-321 təyyarəsində daşımalar həyata keçirir. Məsələ burasındadır ki, şirkətin bir neçə belə təyyarəsi Rusiya lizinq şirkətinin mülkiyyətindədir və ona görə də onun Türkiyədə müsadirə edilməsi riski yoxdur.

Rusiya aviaşirkətlərinin aviaparkındakı 900-a yaxın təyyarədən 750-yə yaxını isə xarici lizinq şirkətlərinin mülkiyyətindədir, ona görə də onlar faktiki olaraq aeroportların dayanacaqlarında qalıb çürüməyə məhkumdur. Əgər bu ayın sonuna qədər lizinq şirkətləri onları Rusiyadan geri almasalar.

 

Qəzet yazır ki, indi “İnturist” birbaşa müntəzəm reyslərlə Moskvadan Ermənistana, Azərbaycana, İstambula və Qətərə səhayət reysləri təklif edir. Eyni zamanda reysləri dəyişməklə Tailanda, Seyşel və Maldiv adalarına da uçmaq olar.

Lakin Rusiyada iqtisadi vəziyyət sürətlə pisləşir, elektron hərraclarda ötən gün 1 ABŞ dolları 250 rubla bərabər olub. Üstəlik əhaliyə dollar satışı praktiki olaraq dayandırılıb, Rusiya vətəndaşlarının bank kartları işləmir və belə vəziyyətdə ruslar çətin ki, Maldiv və Seyşel adalarında dincəlmək niyyətinə düşsünlər. Bu isə Rusiyada turizm sahəsinin çöküşü və ola bilsin yüz minlərlə adamın işsiz qalması deməkdir.