Azərbaycan əhalisi 9,916 min nəfərdən çoxdur - Rəsmi məlumat
Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
Mediapress.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən xəbər verir ki, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 18260 nəfər artaraq aprelin 1-i vəziyyətinə 9916345 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.
Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir.
Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
Bu ilin birinci rübündə ölkədə 15403 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6-dan 6,4-ə qədər azalıb.
2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nikah və 3556 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.
Bu ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1010 nəfər Azərbaycana gələn, 301 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 709 nəfər təşkil edib.