200 manatlıq əskinasın buraxılması etiraz doğurdu
Ekspertlər Mərkəzi Bankı tənqid etdilər: “İri nominallı əsginas buraxılması pulun dəyərsizləşməsinə gətirib çıxarır”
Azərbaycan Mərkəzi Bankının 200 manatlıq əsginasları dövriyyəyə buraxmaq qərarı iqtisadçılar tərəfindən ciddi tənqidlə qarşılaşıb.
Belə ki, iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, 200 manatlıqların dövriyyəyə buraxılması məntiqəuyğun qərar sayıla bilməz: “Bunun bir sıra mənfi nəticələri olacaq. Əvvəla, dövriyyədə nəğd pul kütləsi həcminə olan tələbat nöqteyi-nəzərindən, o cümlədən hesablaşmalar və sair baxımından buna ehtiyac yox idi. İkincisi də ki, lap zərurət mövcud olsa idi belə, bu addımı məhz indi atmaq qətiyyən düzgün deyildi... Məlumdur ki, manat bir müddətdir 1 ABŞ dollarına görə 1,70 qəpik dəyərindədir. Neftin dünya bazar qiymətlərinə əsasən, valyuta bazarımızda xeyli vaxtdır sabitlikdir. Ancaq bu, kövrək xarakter daşıyır. Makroiqtisadi göstəricilərimizdəki dayanıqlığın necə nisbi xarakter daşıdığını neftin qiymətinin 40 dollaradək və ondan aşağı düşməsi nəticəsində gördük. Ölkə iqtisadiyyatının yaxın perespektivdə inkişafı qeyri-neft məhsullarının ixracından və bu sahədə ölkənin mövcud potensialından necə istifadə ediləcəyindən asılıdır. Odur ki, neftdən kənar sahələr üzrə ixracın genişləndirilməsi istiqamətində görülən işlər durmadan davam etdirilir”.
İqtisadçı hesab edir ki, milli pul vahidimizin ən böyük nominallı əsginası olan 100 manatın 100 ABŞ dolları qarşısında 70 AZN ucuz olduğu bir məqamda 200-lüklərin dövriyyəyə buraxılması yalnız Amerika valyutasının xeyrinədir: “Bu addımla Mərkəzi Bank bir növ 17,64 faizlik devalvasiyaya rəvac vermiş oldu. Sözün qısası, ölkədə dollarizasiya prosesi yenidən vüsət alacaq, manata inamın bərpası prosesi birdəfəlik sönəcək, qiymətlər yüksələcək, idxalın genişlənməsi üçün əlavə stimul yaranacaq, birrəqəmli inflyasiyaya nail olmaq xeyli çətinləşəcək, qeyri-nəğd ödənişlərin və hesablaşmaların həcmi əvvəlki templə artmayacaq, dövriyyədən orta perspektivdə nəinki qəpiklərin, ola bilsin ki, hətta 1 manatlıqların da belə çıxması üçün real zəmin yaranacaq”.
İqtisadçı-ekspert Rəşad Həsənov Mərkəzi Bankın qərarını zəruri edən amillərin heç kimə məlum olmadığını deyir: “İri nominallı əsginasların dövriyyəyə buraxılması məsələsi uzun müddət idi müzakirə olunurdu. Biz həmişə bunun əleyhinə olmuşuq. Beynəlxalq təcrübə də, elə ölkə təcrübəsi də göstərir ki, iri nominallı əsginasların dövriyyəyə buraxılması orta və uzunmüddətli dövrdə pulun dəyərsizləşməsinə gətirib çıxarır. Bu baxımdan, Mərkəzi Bank ictimai rəyi, mütəxəssis mövqeyini nəzərə almadan qərar qəbul edib”.
Ekspertə görə, yeni əsginas heç bir real əlavə dəyər yaratmayacaq: “Manatın məzənnəsinə hansısa pozitiv təsiri olmayacaq. Səmərəliliyin artırılması və qənaət məsələləri ilə əsaslandırma primitivdir, ölçülə bilən meyar deyil. Növbəti dövrdə bu addım inflyasiyaya, manatın real dəyərini mərhələli şəkildə itirməsinə gətirib çıxaracaq. Bundan əlavə, daha bir təsir nağd dövriyyənin artması olacaq”.
İqtisadçı-alim Vüqar Bayramov isə deyir ki, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əsginasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq: “Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əsginasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əsginaslar inflyasiyayaradıcı faktorları gücləndirəcək. Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əsginasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əsginasların sayını artırması daha məqsədəuyğun olardı”.
V.Bayramov iri nominallı əsginaslarla bağlı digər ölkələrin təcrübəsindən də danışıb: “Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əsginası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əmək haqqı bizimlə müqayisədə xeyli yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əsginas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əsginaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əsginasların üzərində rəqəmləri artırmağa tələsmir”.
Məlumat üçün bildirək ki, dünyada ən iri nominallı əsginas 1946-cı ildə Macarıstanda - hipeinflyasiya zamanı buraxılan 1 milyard trilyon penge hesab olunur.
İkinci yerdə Şərqi Afrikada buraxılan 100 trilyon dollar əsginasıdır. Bu pulla Zimbabvedə bir dənə sosiska belə almaq mümkün olmurmuş.
Birinci Dünya müharibəsindən sonra 1923-cü ildə Almaniyada buraxılan 5 milyonluq marka dünyanın üçüncü böyük nominallı pulu hesab olunur. Cəmi bir il dövriyyədə olub, sonra reyxsmarka ilə əvəz edilib.
Hazırkı dövrdə ən qiymətli və böyük nominallı əsginasa ABŞ malikdir - 10 min dollar. 19-cu əsrin 80-ci illərində buraxılan əsginasda hazırda cəmi 130 dənə qalıb. Satılmır, FED tərəfindən daim izlənir, bank sisteminə düşən kimi dövriyyədən çıxarılır.
İkinci qiymətli və böyük əsginas statusuna ikisi birdən malikdir. Bunlar 10 min Bruney və 10 min Sinqapur dollarlarıdır. Sinqapur 2014-cü ildən 10 min dollarlıqların buraxılışını dayandırıb, bank sistemində düşən əsginaslar dövriyyədən çıxarılır. Bruneydə isə ondan istifadə davam edir.
Üçüncü qiymətli və böyük nominallı əsginas 1000 İsveçrə frankıdır.
Nəhayət, hazırkı dünyada dövriyyədə olan ən böyük nominallı əsginas Vyetnamdadır - 500 min donq.
Bir neçə ildir hiperinflyasiya yaşayan Venesuelada 5000, 20 000 bolivardan sonra 100 000 bolivar da dövriyyəyə buraxılıb.