\
13 Oktyabr 2024 - Bazar günü

Azərbaycanda ərzaqlıq buğda istehsalçılarına aldığı kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək

Azərbaycanda ərzaqlıq buğda istehsalçılarına aldığı kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək
1686baxış

Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmana əsasən, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” dövlət başçısının 19 iyul 2022-ci il tarixli fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə, müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən və aşağıdakı tələblərə cavab verən kreditlərə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dövlət zəmanəti və dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına faiz subsidiyası veriləcək.

Şərtlərə görə, hər bir layihə üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalı, müasir suvarma sistemlərinin alıcıları tərəfindən həmin sistemlərin qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 %-i qədər ilkin ödəniş edilməli, kreditin illik faiz dərəcəsi 15%-dən, müddəti 5 ildən çox olmamalı, kredit üzrə güzəşt müddəti müasir suvarma sistemlərinin alınması, quraşdırılması, ərzaqlıq buğda əkini, yığımı və satışı üçün bazarda tələb olunan müddətlərə uyğun olmalı, lakin 1 ildən çox olmamalıdır.

Dövlət zəmanəti ümumi kredit məbləğinin aşağıda müəyyən olunmuş həddində dövlət zəmanəti verilir:

- illik faiz dərəcəsi 14,01 %-dən 15 %-ə qədər olduqda – 30 %;

- illik faiz dərəcəsi 13,01 %-dən 14 %-ə qədər olduqda – 40 %;

- illik faiz dərəcəsi 12,01 %-dən 13 %-ə qədər olduqda – 50 %;

- illik faiz dərəcəsi 12 %-ə qədər olduqda – 60 %.

Sahibkarlar kreditləri illik 5 %-lə ödəyəcək, qalıq faiz dərəcəsi isə büdcədən Agentliyə ayrılmış vəsait hesabına ödənilir.

Kreditin illik faiz dərəcəsinin subsidiyalaşdırılan hissəsini büdcəsindən bu məqsədlərlə ayrılmış vəsait hesabına Agentlik rübdə bir dəfədən az olmamaqla kredit təşkilatına ödəyir. Kreditin əsas məbləğinin ödəniş qrafiki mövsümilik amili əsasında sahibkarlıq subyektinin dövriyyəsi və ərzaqlıq buğda istehsalı nəticəsində satışdan daxilolmalar nəzərə alınmaqla müəyyən olunur.

Dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-nə qədər bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.

Nazirlər Kabineti 3 ay müddətində: İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı zamanı tətbiq edilən dövlət güzəştlərinin artırılması ilə bağlı təkliflərini Prezidentə təqdim etməli, sahibkarlıq subyektlərinə veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi qaydasını təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin yerli istehsala aid olmasına dair meyarları 6 ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir.