Təşkilatçılardan yeniliklər: 2 yeni sərgi
Təşkilatçılar keçirilən sərgilərin profilini genişləndirərək əsas diqqəti iqtisadiyyatın yeni sahələrinə yönəltməklə, 2018-ci ilin payız-qış mövsümündə iki yeni sərgiyə - Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo məhsullar “Gift&Promo Fair” və Azərbaycan Beynəlxalq Reklam və Çap məhsulları “AdPrint” sərgilərinə start veriblər.
Sərgini əlavə tədbirlər proqramı müşayiət edəcək, belə ki, sərgilərin ilk iş günü eksponent və potensial sifarişçilər arasında “B2B” formatlı görüşlər keçiriləcək və bu görüşlər sayəsində hər iki tərəf vasitəçi olmadan birbaşa işgüzar danışıqlar apararaq sıx əlaqələr qura biləcəklər. Sərginin ikinci iş günündə də iştirakçı şirkətlər və onların potensial sifarişçiləri arasında görüşlərin təşkili davam edəcək, lakin bu dəfə həmin görüşlərin formatı fərqli olacaqdır - bu görüşlər çərçivəsində aparılan müzakirələrdə əsas məruzəçilər məhz sifarişçilər olacaq. Həmçinin sərgidə ilk dəfə olaraq promo geyimlər də təqdim ediləcək.
1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap məhsulları “AdPrint 2018” sərgisi ölkəmizdə reklam sənayesinə həsr olunmuş yeganə beynəlxalq tədbirdir və bu tədbir çərçivəsində reklam və çap məhsulları sahəsində innovativ məhsul və xidmətlər təqdim ediləcək. Sərgidə Azərbaycan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcək və skanerləri, “Flexi Capture” proqram təminatını, İT texnologiyalarını, ofis avadanlıqlarını, nəşriyyat və poliqrafiya xidmətlərini, istənilən növ avadanlıq və ləvazimatları (rəqəmsal çap, tekstil materiallar üzərində çap, genişformatlı çap, “3D” formatlı çap və s.), stendlərin quraşdırılmasını, tekstil avadanlıqlarını, suvenir məhsulları, “POS” və reklam materiallarını, həmçinin promo məhsulları, peşəkar çap avadanlıqlarını (ofset, rəqəmsal, çapa qədər / çapdan sonra istifadə olunan məhsullar), istehlak mallarını və s. nümayiş etdirəcəklər.
Hər iki sərgi 20-22 sentyabr tarixində “Boulevard Hotel Baku” otelində keçiriləcək.