Azərbaycan və Böyük Britaniya arasında birgə gömrük bəyanatı imzalanıb
Dövlət Gömrük Komitəsi (DGK) ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb.
Bu barədə DGK-dan məlumat verilib.
Dövlət Gömrük Komitəsində keçirilən mərasimdə komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, komitə sədrinin müavinləri, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts və bu ölkənin sərhəd xidmətinin əməkdaşları iştirak edib.
DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson sənədi imzalayıblar.
Sənədə əsasən, gömrük əmkdaşlarının potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, risklərin idarə olunması sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi, dövlət sərhədindən keçirilən mallar, səyahətçilər və nəqliyyat vasitələri üzrə sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsi aparılması istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.
Xatırladaq ki, birgə bəyanat Böyük Britaniyanın sərhəd xidməti tərəfindən maliyyələşdirilən “Hunter” layihəsi çərçivəsində imzalanıb.
Layihə beynəlxalq daşımalar zamanı gömrük-sərhəd keçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılmasını nəzərdə tutur.
Eyni zamanda, layihənin məqsədləri sırasına effektiv gömrük nəzarətinin genişləndirilməsilə ölkələrin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların qarşısının alınması, həmçinin məlumat analizi bazasının və hədəflənmə imkanlarının inkişaf etdirilməsilə aviadaşıyıcılar və oxşar məlumat toplama sistemləri (dəniz, poçt/sürətli bağlamalar və konteynerlər) tərəfindən təmin olunan Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması daxildir.