\
23 Noyabr 2024 - Şənbə

“Əməkdar” fəxri adı alanların da təqaüdü artırılacaqmı?

“Əməkdar” fəxri adı alanların da təqaüdü artırılacaqmı?
1462baxış

Fazil Talıblı: “Bu məsələ cənab prezidentin səlahiyyətindədir”

Son vaxtlar hökumət sosial problemlərin həlli və əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində bir çox addımlar atıb. Buraya minimum əməkhaqqının artırılması, pensiyaların və əlilliyə görə verilən pensiyaların artması, o cümlədən tələbə təqaüdlərinin, qaçqın və məcburi köçkünlərə verilən müavinətlərin artırılması ilə bağlı  sərəncamlar verilib. Gözləntilərdən biri də, “Əməkdar” fəxri adına görə verilən təqaüdlərin artırılmasıdır.  Dövlət Statistika Komitəsinin 2018-ci il oktyabrın 1-ə olan məlumatına görə, Azərbaycanda 217 nəfər “Xalq” fəxri adına görə, 2826 nəfər “Əməkdar” fəxri adına görə təqaüd alır. Hazırda xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adları üçün aylıq təqaüdün məbləği 150 manatdır. “Əməkdar” fəxri adına layiq görülənlərə 100 manat təqaüd müəyyən edilib.

Bəs görəsən, bir-birinin ardınca verilən artım xəbərlərinin davamı olaraq, “Əməkdar” fəxri adına layiq görülənlərin aldığı təqaüd də artırıla bilərmi?

“Yeni Müsavat”a açıqlamasında bu məsələyə toxunan Natiq Cəfərli bildirdi ki, “əməkdar” adı alan həkimlərin, müəllimlərin və digər nisbətən maaş alan işçilərin təqaüdlərinin artırılmasına daha çox ehtiyac var: “Əməkdar artistlərin sayı məhduddur, müəllimlərin, həkimlərin, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçilərinin sayı daha çoxdur.  Ol bilər ki, onların  sayının çox olması ilə əlaqədar artımın hesablanması  prosesi gedə bilər. Düşünürəm ki, bu sahədə də müəyyən addımlar atılacaq. “Əməkdar” adı alan insanların sayı onminlərlədir. Sayın çox  olması büdcədən ayrılan vəsaitin artmasına səbəb olur deyə, bəlli bir mexanizmlə hesablanır. Ancaq bu artımlar paralel olaraq aparılırsa, “əməkdar” adı alanların da təqaüdü artırılmalıdır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblıya da  sorğu ünvanladıq. O isə qeyd etdi ki, bu məsələ cənab prezidentin səlahiyyətindədir.

Mediapress.az