Manat krediti olanların nəzərinə: güzəştə daxildirlər
Problemli kreditlərə güzəştlərin tətbiq olunmasından sonra kompensasiya mexanizmi ilə bağlı iqtisadçı alim Vüqar Bayramovun müsahibəsini təqdim edir:
- Devalvasiyadan əvvəl kredit götürüb və hər hansı yubanma olmadan krediti ödəmiş vətəndaşlara kompensasiya veriləcəkmi?
- Nümunəvi kreditorlara kompensasiyanın verilməsi nəzərdə tutulur. Məsələn, vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq, kreditini geri qaytarıb. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ kreditini bağlamış şəxsə ödəniləcək.
- Hazırda kreditlər üzrə aylıq ödənişləri olanlar ödənişi davam etdirsinlərmi?
- Fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablanacaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan, ödənişə davam etmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq.
- Güzəştlər yalnız dollarla götürülən kreditlərə aiddir?
- Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir. 17 min manatadək kredit götürmüş vətəndaşlarımız güzəştlərdən yararlana biləcəklər.
- Kreditə görə ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş kompensasiyanı necə alacaq?
- Bu zaman bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdıra biləcək.
- Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək?
- Kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa, o, vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildəkdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır və bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollar ilə kredit bağlanır.
- Avro və ya rubl ilə götürülən kreditlərə güzəşt şamil olunacaqmı?
- Məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşt şamil olunacaq. Bu baxımdan, rubl ilə kredit götürənlər də bu imkandan yararlana biləcəklər.
- Bank olmayan kredit təşkilatlarından kredit götürən vətəndaşlarımıza kompensasiya veriləcəkmi?
- Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcəklər.
- Kompensasiyadan sonra kredit borcu qalanlar borclarını necə qaytaracaqlar?
- Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min dollardır və onun kompensasiya məbləği 4 min dollardır. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır. Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Bu borcu ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir və yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni, faktiki olaraq qalıq borca faiz hesablanmır, müddətsə uzadılır ki, vətəndaş ödəniş edə bilsin.
- Ödəniş ediləcək vətəndaşlarımızın siyahısı və kompensasiya məbləği nə zamanadək bəlli olacaq?
- Fərmana əsasən, fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini 45 gün müddətində müəyyən ediləcək. Bu isə o deməkdir ki, ən geci aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq.
- Vətəndaşlar kompensasiyanı nə zaman ala biləcəklər?
- Fərmana əsasən, ən geci mayın 28-dək bütün kompensasiyalar ödəniləcək. (axar)