Nazirlik: İndiyə qədər 3981 şəhidin vərəsəsinə birdəfəlik ödəniş verilib
Prezident İlham Əliyevin müvafiq fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 310 nəfərin 492 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edilib.
Bu barədə KİV-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Onların siyahısı birdəfəlik ödəmənin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Yaxın günlərdə müvafiq vəsaitlərin həmin vərəsələrin bank hesablarına köçürülməsi təmin olunacaq. Vəsait köçürüldükdən sonra bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək.
Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu günədək artıq 4291 şəhidin 5966 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3981 şəhid üzrə 5474 vərəsəyə ödəniş edilib.