\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Tbilisidə Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Tbilisidə Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
1856baxış

 Tbilisidə “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu” mövzusunda konfrans keçirilib.

Mediapress.az-ın yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, ziyalılar və ekspertlər iştirak ediblər.

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirib ki, konfransın keçirilməsində məqsəd Azərbaycan və Gürcüstanın ictimai təşkilatları arasında əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdır: “Azərbaycan və Gürcüstan ərazi bütövlüyü ilə bağlı eyni problemlə üzləşiblər və separatçılıqdan əziyyət çəkirlər. Bu məsələlərlə bağlı həqiqətlərin hər iki ölkə ictimaiyyətinə düzgün formada çatdırmaq üçün ictimai təşkilatların birgə fəaliyyətinə böyük ehtiyac var”.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü isə bildirib ki, hər iki ölkənin ictimaiyyəti bölgədə separatçılığa qarşı etirazını kəskin formada bildirməlidir: “Azərbaycan və Gürcüstan QHT-ləri Cənubi Qafqazda sülh və ədalətin bərqərar olunmasına öz töhfələrini verə bilərlər. Vaxtilə hər iki ölkənin ziyalıları Qafqaz Evinin yaradılması ilə bağlı təşəbbüslə çıxış ediblər. Bu ideyanın yenidən gündəmə gətirilməsinə böyük ehtiyac var”.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev də yaxın tərəfdaşlar olan Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən QHT-lər arasında koordinasiya şurasının yaradılmasını təklif edib: “İki ölkənin vətəndaş institutları arasında əməkdaşlıq gücləndirilməli və əlaqələndirilmiş formada birgə fəaliyyət həyata keçirilməlidir”.

Daha sonra çıxış edən politoloq Quram Marxulia müasir dövrdə QHT-lərin rolunun böyük əhəmiyyət kəsb etdiyini deyib: “Geosiyasi müttəfiq olan Gürcüstan və Azərbaycanın ictimai təşkilatları arasında da sıx əməkdaşlıq yaradılmalıdır. Hər iki ölkələri təmsil edən QHT-lərin birgə əməkdaşlıq formatının yaradılmasını dəstəkləyirəm”.

Digər gürcü ekspert Nika Çitadze də Gürcüstan və Azərbaycan QHT-ləri arasında koordinasiya mərkəzinin yaradılması ideyasını dəstəklədiyini qeyd edib: “Bəzən hər iki ölkədə həqiqətə uyğun olmayan məlumatlar yaranır ki, bundan da üçüncü qüvvələr istifadə edirlər. Bu cür dezinformasiyalara qarşı ictimai təşkilatlar birgə mübarizə aparmalıdırlar. Həqiqətlərin həm Gürcüstan, həm də Azərbaycan ictimaiyətinə çatdırılması istiqamətində QHT-lər hökumətə konkret plan və təşəbbüslər təklif edə bilərlər”.

Konfransda Azərbaycan və Türkiyə səfirliyinin məsul əməkdaşları da iştirak ediblər. Onlar Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən danışaraq hər hansı bir formada əməkdaşlıq mərkəzinin yaradılacağı təqdirdə, bu formata Türkiyənin ictimai təşkilatlarının da cəlb olunmasını təklif ediblər.