\
23 Noyabr 2024 - Şənbə

BMTİP, Azərbaycan Hökuməti 6-cı Regional İnternet İdarəçiliyi Forumuna start verdi - FOTOLAR

BMTİP, Azərbaycan Hökuməti 6-cı Regional İnternet İdarəçiliyi Forumuna start verdi - FOTOLAR
1092baxış

Mediapress.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Hökumətinin birgə təşkil etdiyi, elektron idarəetmənin effektivliyi və regional tərəfdaşlığı gücləndirmək üçün yeni düşüncə platformasını təklif edən 6-cı Regional İnternet İdarəetmə Forumu bu gün Bakıda toplandı. Tədbiri BMT Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru Miryana Spolyariç Eqqer və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə açdılar.

BMTİP-in Azərbaycanda özünü təsdiqləmiş və artıq hər il təşkil olunan tədbirlərindən biri olan forum bu il "Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz" mövzusuna həsr olunub. Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.

Forum Azərbaycanda bu il ilk dəfə Hökümət, BMTİP və digər tərəfdaş qurumlar tərəfindən birgə keçirilən Kibertəhlükəsizlik həftəsi çərçivəsində təşkil edilib. 6-cı Regional İnternet İdarəetmə Forumu həmçinin Kibertəhlükəsizlik həftəsinin əsas tədbiridir.

Tədbiri giriş sözü ilə açan xanım Miryana Spolyariç Eqqer qeyd etdi ki, “bu forum internetin gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrə yol açır, sadə insanların həyatını yaxşıya doru dəyişmək və yeni nəsil idarəetmə üsullarını inkişaf etdirmək üçün internet texnologiyalarının potensialını daha yaxından araşdırmaq üçün yeni imkanlar irəli sürür, daha əhatəli və hər kəs üçün əlçatan olan idarəetmə platformalarını yaradır. Heç kim kənarda qalmasın prinsipinə uyğun olaraq”.

BMTİP-in Azərbaycan Hökuməti ilə uzunmüddətli və səmərəli əməkdaşlığını vurğulayan cənab Ramin Quluzadə öz növbəsində bildirmişdir ki, “müasir texnologiyalar, internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rola sahibdir. Onlar təhsilə, səhiyyəyə, ticarətə, mediaya, məşğulluğa və bir çox digər sahələrdə inkişaf üçün yeni imkanlar yaradıb.  

Artıq on səkkiz ildən çoxdur ki, BMTİP Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir və regionda bu günə kimi ən böyük elektron idarəetmə proqramlarından birinin yaranmasında birgə iştirak etmişlər. Bu fəaliyyətlər ümumi dəyəri 50 milyon dollardan artıq olan layihələr çərçivəsində on ildən artıqdır ki Azərbaycana elektron idarəçilik sahəsinə fayda gətirir.

Hal-hazırda, BMTİP və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda İKT sistemlərinin və infrastrukturunun davamlılığının təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə birgə layihə həyata keçirir. Birgə fəaliyyət çərçivəsində informasiya və kommunikasiya texnologiyalarının ölkənin ən uzaq ərailərinə çatdırılması və telekommunikasiya operatorları, müəssisələr və informasiya texnologiyaları sahısində çalışan şirkətlər üçün informasiya təhlükəsizliyinin artırılmasına xidmət edir. Layihənin ən mühüm nəticələrindən biri Azərbaycanda ilk Data Mərkəzinin yaradılması olmuşdur ki, bu Data Mərkəzi də dövlət və özəl qurumlara aid məlumat bazasının saxlanması üçün bir mənbə kimi istifadə olunur. Beləliklə Azərbaycan Rusiya, Ukrayna və Qazaxıstandan sonra MDB məkanında Data Mərkəzi yaratmış dördüncü ölkə olmuşdur. Bundan əlavə, BMTİP və Nazirlik həmçinin Azərbaycanda ilk dəfə “İdeyadan Biznesə” adlı startap turları təşkil etməyə başlamşıklar, eləcə də paytaxt Bakının orta məktəblərinin birində STEM proqramı üzrə ixtisaslaşan robotexnika laboratoriyası yaratmışlar.

Hazırladı: Könül AYPARA