\
22 Noyabr 2024 - Cümə

Aİ Azərbaycanın kənd təsərrüfatı siyasətinin səmərəliliyinin artırılmasına kömək edir

Aİ Azərbaycanın kənd təsərrüfatı siyasətinin səmərəliliyinin artırılmasına kömək edir
1526baxış

Aİ-nin Aqrar Kredit və İnkişaf Agentliyi ilə həyata keçirilən Tvinninq layihəsinin açılışı

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin effektivliyinin və səmərəliliyinin artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin açılış tədbiri 1 avqust 2019-cu il tarixində baş tutdu.

Layihə Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı sektorunun müasirləşdirilməsi və onun Azərbaycan Hökumətinin iqtisadiyyatın şaxələndirilməsi siyasəti çərçivəsində fəaliyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində göstərdiyi davamlı səylərinin dəstəklənməsinə yönəlir. Layihə Avropa İttifaqının kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahəsində siyasət prinsiplərindən və qabaqcıl təcrübələrindən istifadə edərək, Azərbaycanda bu sektor üzrə müəyyən edilmiş bir sıra çətinlikləri aradan qaldıracaq. Buraya dövlət dəstəyinin sektor üzrə siyasətin məqsədləri ilə daha effektli şəkildə əlaqələndirilməsi, qabaqcıl kənd təsərrüfatı təcrübələrinin tətbiqi vasitəsilə ekoloji standartların yaxşılaşdırılması, kiçik təsərrüfatların daha yaxşı təşkilinə kömək üçün kooperasiya strukturlarının təşviqi, subsidiya ödəmələrində şəffaflığın və nəzarətin yaxşılaşdırılması ilə yanaşı, fermerlərə daha yaxşı xidmət etmək üçün ticarəti təhrif etməyən “yaşıl zənbil” tədbirlərinə dəstəyin artırılması və elektron məlumat sistemlərinin gücləndirilməsi daxildir.

Layihə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən İtaliyanın Kənd Təsərrüfatı Nazirliyi, Polşa və Litvanın kənd təsərrüfatı üzrə inzibati qurumları ilə əməkdaşlıq yolu ilə icra edilir. Azərbaycanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən institutları və Kənd Təsərrüfatı Nazirliyinin şöbələri də layihə tərəfdaşları arasındadır. Layihənin icrasına 2019-cu ilin may ayında başlanılıb və layihə 24 ay müddətinə davam edəcək.

Tədbirdə Azərbaycan Respublikasının Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti və AKİA-nın sədri cənab Mirzə Əliyev açılış nitqi ilə çıxış ediblər.

“Kənd Təsərrüfatı Nazirliyi indiyədək Avropa İttifaqı ilə birlikdə bir sıra layihələri uğurla həyata keçirib. 20 ildən artıq müddətdə davam edən əməkdaşlığımız geniş təcrübə mübadiləsinə imkan verib. Əminik ki, yeni başlayan layihə Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanması və biliklərin artırılmasında xüsusi rol oynayacaq” – Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aİ-Azərbaycan Tvinninq Layihəsinin təqdimatında deyib.

Mediapress.az