Bakıda banklar bu 100 dollarlıq əskinasları qəbul etmir - SƏBƏB
1932
Bu günlərdə AtaBank-ın “Gənclik” filialında 100 dollarlıq əskinasını dəyişmək istəyən vətəndaşa bank əməkdaşı tərəfindən imtina cavabı verilib. Bank əməkdaşı tərəfindən vətəndaşın əlindəki 100 dollarlıq əskinasın 1993-cü ilədək buraxıldığı əsas gətirilərək, həmin pul nişanının dövriyyədən çıxarıldığı iddia edilib.
Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1993-cü il emissiyası olan ABŞ dolları əskinasları banklar tərəfindən qəbul edildikdən sonra digər müştərilərə təkrar satıla bilmir:
“Banklarda apardığımız araşdırmada məlum olub ki, bunun səbəbi müştərilərin banklardan bu əskinasları götürməməsidir. Bu vəsaitlərin həcmi də çox olmadığından nağd formada xarici ölkəyə daşınması, daşınma xərcləri ilə əlaqədar effektiv deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Mərkəzi Bankı da öz növbəsində banklardan xarici valyuta qəbul etmir. Nəticədə 1993-cü ilin emissiyası olan əskinaslar istifadə edilə bilmədiyi üçün banklarda "ölü" vəsaitə çevrilir. Qeyd olunanlar nəzərə alınaraq, banklar tərəfindən köhnə tarixli emissiya olunmuş əskinaslar qəbul edilmir”.
Rəsmi məlumata görə, qanunvericilikdə xarici valyutanın banklar tərəfindən qəbul edilməsilə bağlı öhdəlikləri müəyyənləşib:
““Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması" qaydalarında banklar tərəfindən tədavülə yararlı olan valyutanın buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli komisyon haqlarının müəyyən edilməsinə yol verilmir".
İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Modern.az-a bildirib ki, Amerika qanunvericiliyində əskinasların dövriyyəsilə bağlı qadağalar mövcud deyil:
“Yeni əskinaslar buraxıldıqca, Amerika Mərkəzi Bankı köhnələri dövriyyədən çıxartmadan əvəzləyir. Hətta vətəndaşların əlində 1920-1930-cu illərdə buraxılmış əskinaslar var ki, Amerika Mərkəzi Bankı onları qəbul edir. Yəni əskinasların dövriyyədə olma müddətilə bağlı məhdudiyyət yoxdur. Bu baxımdan, Azərbaycanda da köhnə dollarla bağlı eyni qaydalar tətbiq olunur. Köhnə pul vahidləri dövriyyədən çıxarılmayıbsa, onun banklar tərəfindən qəbulunda məhdudiyyət ola bilməz. İstər xarici valyuta olsun, istərsə yerli valyuta.
Azərbaycanda da yeni nişanlamalarla 10 manatlıq əskianslar buraxılıb. Yeni 10 manatlıqlarla bərabər, köhnə 10 manatlıqlar da dövriyyədədir. Mərkəzi Bank da açıqlama verdi ki, bu pul nişanları məhdudiyyətsiz olaraq dövriyyədədir.
O cümlədən, Azərbaycanda fəaliyyət göstərən banklar da, dövriyyəsinə məhdudiyyət qoyulmayan pul əskinaslarının qəbulunda problem yaratmamalıdırlar.
Yəni Amerika dolları ilə bağlı məhdudiyyət yoxdur”.
Ekspert qeyd edib ki, bəzi hallarda Amerika bankları dolların qəbulundan imtina edə bilərlər:
“1930-cu illərə qədər Amerikada minlik əskinaslar çox populyar olub və bahalı sayılıb. Sonradan o əskinasları buraxmadılar. Hazırda dövriyyədə olan ən böyük əskinaslar yüzlüklərdir. Həmin minlik əskinaslar kimdəsə qalıbsa, Amerika bankları, hətta kolleksionerlər ona nominalından daha artıq pul verməyə hazırdırlar. Əgər nömrə nişanlanmasında problem yaşanıbsa, seriya nömrələri bilinmirsə, yaxud çox ciddi zədələrə məruz qalıbsa, o məhdudiyyətlərlə banklar həmin əskinasın qəbulundan imtina edə bilər. Əskinasın ili ilə bağlı məhdudiyyət mövcud deyil”.