Azərbaycanın turizm təbliğat videoçarxı dünya üzrə Qran-Pri ilə mükafatlandırıldı - FOTOLAR
Noyabrın 12-də Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən müsabiqədə Azərbaycanın tanıtım videoçarxı “İnsanların seçimi” nominasiyasının əsas mükafatı olan Qran-Pri mükafatına layiq görülüb.
“Biz çox şadıq ki, Azərbaycanın turizm təbliğat videoçarxı ölkəmizin turizm potensialı haqqında dolğun təsəvvür yarada bilir və hər kəsi Azərbaycana gəlməyə, ölkə turizminin malik olduğu zənginliklərə bir daha baxmağa həvəsləndirir”, - deyə tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib və hər kəsi ölkəmizi ziyarət etməyə çağırıb.
Mediapress.az xəbər verir ki, 140 ölkənin qatıldığı müsabiqənin nəticələri Avstriyanın paytaxtı Vyanada baş tutan mükafatlandırma mərasimində açıqlanıb.
Xatırladaq ki, “Azerbaijan: Take Another Look” (“Azərbaycan: bir daha bax”) şüarı əsasında hazırlanan turizm tanıtım videoçarxı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” müsabiqəsində iştirak edirdi.
Dövlət Turizm Agentliyi turizm potensialımızın təbliğatında mühüm rol oynayan videçarxın səsverməsində aktiv iştirak edən hər kəsə təşəkkürünü bildirir.
**************
Azərbaycanın turizm brendinin tanıtım çarxı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqə ən uğurlu videoçarx elan edilib.
Mediapress.az xəbər verir ki, bu haqda məlumatı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə facebook hesabında paylaşıb:
"Azərbaycanın turizm çarxı dünyada ən uğurlu seçildi ! Grand Prix bizimdir ! Avstriyadan xoş xəbər".
Qeyd edək ki, “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə seçim mərhələsindən sonra Azərbaycan da daxil olmaqla, 28 ölkənin film və videoçarxı mübarizə aparırdı.