\
7 Oktyabr 2024 - Bazar ertəsi

"8 MARŞ - Bizimdir Hürr Küçələr" yürüşü əks cinsin gözü ilə - SORĞU - VİDEO

"8 MARŞ - Bizimdir Hürr Küçələr" yürüşü əks cinsin gözü ilə - SORĞU - VİDEO
1226baxış

Feminizm nədir?

Feminizm sözü həm latınca "femina", yəni "qadın" sözündən, həm də "Femida" sözündən qaynaqlanır, qədim yunan mifologiyasına görə, Zevsin ikinci arvadı olan ilahənin adı Femida olub. Qeyd edək ki, feminizm XVIII əsrdə əvvəlcə Şimali Amerikada, sonralar isə müstəqillik uğrunda mübarizə illərində, 1789-1799-cu illərdə "Böyük Fransız inqilabı" zamanı Fransada yaranan qadın hərəkatı olub. Həmin illərdə feminizm hərəkatına qoşulan qadınlar ilk növbədə haqq-ədalətin bərqərar olması üçün və qadın haqlarının heç bir halda pozulmaması naminə fərqli qadın təşkilatlarında birləşməyə başlayıblar. Amma maraqlıdır ki, o vaxtlar bu hərəkatın adı "feminizm" deyildi. Çılğın və qorxmaz fransız qadın yazıçısı Olimpiya de Qucun "Qadınların hüquq deklarasiyası"ndan sonra ona haqq verən və yazıçının ətrafında birləşən qadınlara "feministlər" deməyə başladılar. Çünki yazıçı yazısında qadının da "feme", yəni insan olduğunu deyirdi.

Azərbaycanda feminizm...

Azərbaycan feminist hərəkatı 8 Mart gününü qeyd etmək məqsədilə "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı altında yürüş keçirdi.

Təşkilatçıların sosial mediada yaydığı bəyanata əsasən, yürüşün məqsədi "çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etməkdir".

Yürüşü keçirənlər aksiyanın əsas şüarları kimi bildiriblər:

Birləşsinlər qadınlar,

Susmaq yoxdur, üsyan var!

Küçələrdən qorxma!

Azadlığını boğma!

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov dünənki aksiya ilə bağlı BBC News Azərbaycana aksiya iştirakçılarına qarşı heç bir təzyiq və ya zorun işlədilmədiyini bildirib.

"Özünü feminist adlandıran bir qrup qadın Bakı şəhərində onların aksiyası üçün müvafiq yer ayrıldığına baxmayaraq şəhərin mərkəzində, insanların sıx olduğu və istirahət etdiyi yerdə aksiya keçirməyə cəhd göstərmişdilər. Polis əməkdaşları həmin qrup tərəfindən vətəndaşların istirahətini pozmağa imkan verməyir. Polis əməkdaşları asayişi qorumaq borclarını yerinə yetirərkən nəzakətli davranıblar, heç kimə nə təzyiq edilib, nə də ki, zor tətbiq olunub", - Ehsan Zahidov deyib.

Ehsan Zahidov hadisə yerində olan qadınlarla polisin nəzakətli davrandığını və heç kəsin saxlanmadığını vurğulayıb.

Onun sözlərinə görə, toplaşanlardan "təxminən 6-7 nəfər kişi cinsli hadisə iştirakçısı ilə qısa müddət ərzində izahat xarakterli söhbət aparıldıqdan sonra onlar sərbəst buraxılıblar".

Bir neçə aksiya iştirakçısının yaralandığının iddia edildiyi barədə video görüntülərin olduğu xəbərini isə DİN mətbuat xidmətinin rəisi təkzib edib.

"Bu, yanlış iddiadır, yalandır. Heç kəs xəsarət almayıb", - Ehsan Zahidov deyib.

... Əlavə edək ki, feministlərin şüarları sosial şəbəkədə heç də birmənalı qarşılanmayıb. Elə qadınların 80% belə onların bu yürüşünü kəskin tənqid edib. Əks cinsin nümayəndələri isə ümumiyyətlə, yürüşü pisləyiblər. Rəylərə görə, qadınların plakatlarının, səsləndirdikləri şüarların heç də feminizmliklə əlaqəsi yoxdur. 

Mediapress.az güclü cinsin media nümayəndələrinin fikirlərini diqqətinizə çatdırır: 

Azər Ayxan ("Yeni Musavat" Media Qrupunun rəhbərinin birinci müavini):

- Azərbaycan qadını kifayət qədər azaddır. Digər türk və müsəlman ölkələrinə baxanda Azərbaycan qadınları müqayisə olunmayacaq qədər azaddır. Feminist adı ilə ölkəmizə və qadınlarımıza təklif olunan model, yumşaq desək, əxlaqsızlıqdır. Ona görə də bu proseslə bağlı ilk növbədə ölkənin aydın (ziyalı) qadınları səslərini qaldırmalıdırlar. Hətta təklif edərdim, antiaksiya keçirsinlər, ortaya mövqe qoysunlar. Qadınların öz hüquqlarını müdafiə etmələri, haqları uğrunda ayağa qalxmaları hər bir cəmiyyətin üstünlüyüdür. Əslində "8 marş" aksiyası feminizmə qarşıdır, bu cərəyanı gözdən salmağa yönəlib. İlk növbədə buna elə özlərini feminist adlandıran tanınmış qadınlar etiraz etməlidilər.

Elgün Mənsimov ("Trendnews"):

- Şalvarımızı aldılar, dinmədik,
Maşınımızı aldılar, dinmədik,
Siqaretimizi aldılar, dinmədik,
İndi də azadlığımızı alsınlar, dinməyək?

Təbii ki, bütün bunları ümumilikdə Azərbaycan qadınına şamil etmək sadəcə mümkün deyil. Lakin 5-10 nəfərdən ibarət feminist qrupun hoqqabazlığı məni bir qədər "silkələdi". Əvvəla, gəlin görək, Azərbaycanda qadın azadlığı deyə, bir problem və ya əngəl varmı? Əlbəttə ki, yox! Hər bir qadın evində də, işində də, küçədə də sərbəstdir. Yox, əgər bu şəxslər qadının döyülməsini, hansısa münaqişə şəraitində qətlə yetirilməsini kişi zorakılığı adlandırırlarsa, deyim ki, qadın da bir fərddir, ölən və ya döyülən biri varsa, o insandır, qadın və ya kişi olması fərq etmir. Reallıq isə budur ki, ən çox döyülən, ən çox qətlə yetirilən elə kişilərdir.
O zaman, bu 5-10 nəfərlik qrupun çabası nədir? Mən bunda yalnız bir səbəb görürəm - ailədixili problem, şəxsi zəminli gərginlik içərisində boğulmaq və bu bataqlıqda özlərinə hayan axtarmaq...
Ataların bir misalı var: Yaxşı at özünə qamçı vurdurmaz.
Bizlər Oğuz nəsliyik, qanımız Oğuz qanıdır, qaynardır. Onsuz da milli törəmizdən, adət-ənənəmizdən xeyli uzaqlaşmışıq, heç olmasa, mövcud vəziyyəti (qadınların olduqca azad və sərbəstliyini) danmayın.
Oğuz elində qadın hər zaman müqəddəs olub, bundan sonra da belə olacaq!

Mahir Məmmədli ("Real TV" Baş redaktorun müavini):

- Xoşuma gələn o oldu ki, dünən "feminist" adı ilə küçələrə çıxanların hərəkətləri cəmiyyətdə isti qarşılanmadı, ikrah doğurdu, mütləq əksəriyyət narazı qaldı. Bu, həm ona işarədir ki, biz nə qədər multikultural, dözümlü, müasir cəmiyyət qurmağa çalışsaq belə, dəyərlər öz yerini heç nəyə vermir. Bu dəyərlər cəmiyyətə sırınmağa çalışan qeyri-ənənəvi meyllərə müqavimət göstərir və hər zaman göstərəcək.

Bildiyim qədərilə "feminist"lərin vermək istədiyi şeyin verilməsi intim məsələdir, şəxsi sirdir və mümkün olduğu qədər iki tərəfdən başqa heç kim bilməməlidir.

Ordakı kişilərin oriyentasiyasını bilmədiyimdən, nə istədiklərini də anlamadım. Onların nə işi var idi "vaginal üsyan"da?

 
Vüsal Məmmədov (Azvision.az saytının Baş redaktoru):
 
- Hər şeydən əvvəl mənə çox maraqlıdır ki, bu aksiya kimə qarşı keçirilirdi, oradakı tələblər kimə ünvanlanmışdı? Hakimiyyətə? Elə görünmür. Axı hakimiyyət heç kimin öz vaginasını istədiyinə verməsinə mane olmur, məmələrin də azadlığını məhdudlaşdırmır. Ölkədəki bütün kişilərə? Absurddur. Hüseyn Cavidə? Axı kimə? Belə məlum olur ki, heç kimə. Bunlar ritorik, konkret ünvanı olmayan tələblər idilər. Elə isə, sualın ikinci hissəsinə gəlirik: "Bəs konkret ünvanı olmayan, ritorik tələblərlə keçirilən aksiya kimlərə və nə üçün lazım idi? Mənim qənaətimə görə, bu, Azərbaycanda reallaşdırılan proksi-müxalifətçilik texnikasıdır. Yəni siyasi müxalifətin bilavasitə özünü qüvvə kimi formalaşdırıb, ortaya çıxarmaq alınmadlğından, bu cür proksi-vasitələrdən istifadə olunur.
 
Tural Ağatlı (Ayna.az)
 
- Ümumi mənada sərbəst toplaşmaq azadlığından istifadə edilməsinə normal yanaşıram. Hər bir fərdin və qrupun bu haqqı tanınmalıdır. Konkret olaraq bu aksiyaya gəldikdə, münasibətim mənfi oldu. Aksiyanın mahiyyətinin 8 marta dəxli olmadığını düşünürəm. Çünki burada sosial-iqtisadi deyil, daha çox fərdiyyətçi tələblər irəli sürülürdü. Şüar seçimlərinin, plakatlarda qeyd olunan sloqanların da yerində olmadığı qənaətindəyəm. Açığı, aksiyanın bəyanatı səslənənə qədər etirazçıların nə istədiklərini anlamırdım, bəyanatdan sonra isə, ümumiyyətlə heç nə anlamadım. Ki, o tələblər durub-dururkən niyə ortaya çıxdı?! Hansı əşhədü ehtiyac var o şüarlardakı "dəyərlərin" təbliğinə?!

Ramil Nəcəfli (Tibb üzrə jurnalist, psixoloq)
 
- Mənim fikrim budur ki, azad cəmiyyət olmadıqca qadın azadlığı barədə danışmaq cəfəngiyyatdır. Azad cəmiyyət, yəni iqtisadi-sosial təminatlı, siyasi azadlıqlar olan, mental yüklərdən azad cəmiyyətdə qadın etibarlı, abırlı, əxlaqlı bir səkildə azad ola bilər. Qapalı və azad olmayan əli qolu bagli, asılı bir cəmiyyətdə qadına azad verilərsə, həmin qadın əxlaqını, ləyagətini, qürurunu, həyasini itirər. Ona görə də qadın azadlığından danışarkən paralel olaraq digər azadlıqlar da olmalıdır ki, qadın sağlam bir şəkildə azadlığını yasiya bilsin
 
P.S. Xatırladaq ki, bu gecə 8 Mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib. 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.
 

P.P.S. Feminizm kiminsə dominantlığına qarşı çıxır. Hərəkatın tərəfdarları əksinə - həm qadınlar, həm də kişilər üçün bərabər hüquq və imkanların olmasını tələb edir. Hərəkatın üzvləri qadın diskriminasiyasına və gender mənsubiyyətinə görə kiminsə hüquqlarının pozulmasına qarşı çıxır. Qanuna görə, qadın da kişi kimi yaşadığı ölkənin vətəndaşıdır. Deməli, onun da kişinin sahib olduğu siyasi, iqtisadi və vətəndaş hüquqları olmalıdır.

Bütün bunların 8 Mart gününü qeyd etmək məqsədilə "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı altında Bakıda keçirilən yürüşlə heç bir əlaqəsi yox idi. Vallah, yox idi. Nə uzaqdan, nə yaxından. Hə, bir də, əziz valideynlər, qız övladlarınıza diqqəti gücləndirin. Çevrəsini xüsusilə nəzarətdə saxlayın. Onların "feminist" olmasına çox var. Həyat təcrübəsi... 

Hazırladı: Könül Aypara