\
6 Oktyabr 2024 - Bazar günü

Acı təcrübələrdən reallığa: Evdə qalaq, sığortadan qalmayaq - FOTOLAR

Acı təcrübələrdən reallığa: Evdə qalaq, sığortadan qalmayaq - FOTOLAR
1700baxış

Koronovirus pandemiyasının (COVİD -19) yayılması ilə demək olar ki, bütün dünyada, eləcə də Azərbaycanda ən aktual məsələ evdə qalmaqdır. Yaşından və statusundan asılı olmayaraq bütün insanların çağırışları məhz bununla bağlıdır. Özünü, ailəni, yaxınlarını təhlükədən qorunmağın ən yaxşı yolu məhz evdə qalaraq vaxtını onlarla keçirməkdir. Belə bir şəraitdə evin, əmlakın dəyəri daha da artır, onun təhlükəsizliyinin təmin olunması aktuallaşır.  

Pensiyasını evinin sığortasına verdi

Mingəçevir şəhərində yaşayan pensiyaçı Allahverdi Ədiloğlu da hazırda gününü evində ailəsi, nəvələri ilə birgə keçirir. Onların təhlükəsizliyi üçün artıq tədbirini də görüb, bu ilin əvvəlində yaşadığı mənzilini sığorta etdirib. Prosesi belə təsvir edir: “Mən hazırda işləmirəm, əmək pensiyası alıram. Bu ilin yanvar ayında qanunvericiliyin tələbi ilə əmək pensiyamıza 33 manat əlavə edilib. Artımdan sonra ilk pensiyamı alanda birbaşa ASAN xidmətə üz tutdum. Çox rahat şəkildə mənə məxsus olan mənzili sığorta etdirdim. Buna görə sığorta şirkətinə illik 30 manat ödədim. İndi daha rahat şəkildə, hər hansı yanğın, subasma hallarından qorxmadan evimizdə yaşayırıq. Bilirsiz ki, bina evlərində yuxarı mərtəbələrdən suyun axıdılması, eyvanlardan müxtəlif məişət tullantılarının atılması tez-tez baş verir. Ancaq indiyədək heç kim bu məsələlərə məsuliyyətlə yanaşmırdı. Şikayətlərə də baxılmırdı. Artıq mənzilimiz sığorta edildikdən sonra həmin məsələlər də qaydasına düşəcək. Problem baş verəndə üz tutacağımız ünvan bəllidir”.

A.Ədiloğlunun fikrincə, sığorta ödənişlərinin məbləği onun faydalarından dəfələrlə azdır. Ona görə də hər kəsi öz əmlakını və onun istismarı ilə bağlı yaranan mülki məsuliyyətini sığortalamağa çağırıb: “Doğrudur, mənim aylıq gəlirim tələbatlarımdan azdır. Ancaq yaşadığımız mənzildə təhlükəsiz və qarantlı şəkildə qalmaq üçün illik 30 manat sığorta haqqı o qədər də böyük görünməz. Heç kimin evində fövqəladə vəziyyətin baş verməsini istəmərəm. Mənim sığorta ödənişinə ehtiyacım olmasa belə, həmin vəsaitlə mənzilində arzuolunmaz hal baş verən bir vətəndaşımıza yardım etmiş olaram”.

Əmlak sığortası nədir?

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi daşıyır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası isə vətəndaşlara məxsus olan əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bütün bunlar "İcbari sığortalar haqqında" qanunla tənzimlənir. Həmin sənədə əsasən, hüquqi və fiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin, mənzillərin, ticarət və istehsal binalarının sığortası icbaridir. Daşınmaz əmlakın icbari sığortası həmin əmlakın konstruktiv elementlərinə, divar, qapi, pəncərə, tavan, döşəmə, dam hissəsi, həmcinin su, qaz, istilik, kanalizasiya, elektrik naqilləri, daxili və xarici suvaq və bəzək elemetlərinə dəyə biləcək ziyanlari qarşılayır. Eyni zamanda yanğın, zəlzələ, partlayış, sürüşmə, kənar müdaxilə və sığorta hadisəsi sayıla biləcək digər hadisələr də bu siyahıya aiddir. Həmin hallarda daşınmaz əmlaka dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanır.

İnamsızlıq, yoxsa məlumatsızlıq?

A.Ədiloğludan fərqli olaraq onunla bir binada yaşayan qonşuları hələ də öz mənzillərini sığorta etməyiblər. Onlardan bir neçəsi ilə apardığımız soğru zamanı məlum olub ki, bəziləri bu barədə məlumatsızdır. Bir qismi isə yanlış informasiyaların və yaxın keçmişdə baş verən fırıldaqçılıq hallarının təsiri ilə sığortadan yan keçiblər. Bütün bunlar onu deməyə əsas verir ki, əmlak sığortasının növləri və əhəmiyyəti barədə ciddi maariflənmə işlərinə ehtiyac var.  Elə həmsöhbət olduğumuz mütəxəssislər, ekspertlər də açıqlamalarında bu fikri xüsusi vurğulayıblar. Sığorta eksperti Şahin İsmayılovun sözlərindən aydın olur ki, sıravi vətəndalarla yanaşı sahibkarlar da daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası ilə bağlı ətraflı informasiyaya sahib deyillər: “Əksər sahibkarlar ümumiyyətlə, sığorta barədə nəsə eşitmək belə istəmirlər. Sığorta mütəxəssisi ilə sahibkar arasında daim bir gərginlik hökm sürür və nəticədə sahibkar sığortasız qalır. Belə nəticəyə gəlmək olar ki, nə sahibkarlar, nə icarə ilə ticarətlə məşgul olan iş adamları sıgorta məsələsində ya maraqlı deyillər, ya da məlumatsızdırlar. Əksər sahibkarlar sığorta şirkətlərinə etimad etmədiklərini bildirirlər. Son nəticədə uduzan da elə onlar olur”.

Ekspertin fikrincə, sıgorta şirkətləri öz fəaliyyətlərində müəyyən dönüş yaratmalı və əmlakın icbari sıgortasının nə dərəcədə əhəmiyyətli oldugunu sahibkarlara, vətəndaşlara izah etməlidi. Onlar öz fəaliyyətlərini daha çox şəffaflıq üzərində qurmalı, baş vermiş sığorta hadisələri və onlara verilən ödənişlər barədə mütəmadi olaraq mətbuata məlumat verməlidirlər. Eyni zamanda maarifləndirmə işi sürətləndirilməlidir. Sığorta məhsullarının mahiyyəti insanlara, onların başa düşəcəyi dildə izah olunmalıdır. Bir sözlə, sigorta siyasəti kökündən dəyişməlidir.

Mülki məsuliyyətin sığortası vacibdir

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, hər kəs özünə məxsus olan daşınmaz əmlakını sığortalamalıdır. Ancaq praktikada heç də hamı buna əməl etmir. Yerli icra hakimiyyətləri isə buna görə həmin şəxsləri cərimələmirlər. Hüquqşünas bunu Azərbaycanda tətbiq edilən daşınmaz əmlakın icbari sığortasının qeyri-adiliyi, dünya təcrübəsinə uyğun olmaması ilə əlaqələndirib: “İnsanlar özünə aid olan riskləri sığortalamaqda məcbur olmamalıdır. Yəni, ev mənimdir, istəsəm sığortalayaram, istəməsəm, etmərəm. Dünyada da bu sığorta növü əsasən könüllüdür. Ancaq daşınmaz əmlakımdan istifadə etmək nəticəsində başqasının əmlakına vurduğu zərər mütləq sığortalanır. Bu da mülki məsuliyyətin sığortasıdır”.

Hər kəsin öz evini könüllü şəkildə sığorta etməsini yaxşı hal kimi  qiymətləndirən Ə.Həsənov bununla bağlı əhali arasında maariflənmə işlərinin dərinləşməsinə ehtiyac olduğunu vurğulayıb: “Təcrübədə də çay daşqınları, zəlzələlər nəticəsində xeyli vətəndaşın evsiz qaldığının şahidi olmuşuq. Ona görə də dövlət daşınmaz əmlakların sığortalanması ilə bağlı maariflənmə işlərinə üstünlük verməlidir. Prezident İlham Əliyev də bu barədə danışarkən cərimələməyin deyil, maariflənmənin vacib olduğunu vurğulayıb. Mən hesab edirəm ki, həmin sığortanı könüllü etmək lazımdır”.

Ə.Həsənov bunun üçün ilk növbədə, qanunvericiliyə dəyişiklik edilməsini təklif edib. Vətəndaşın, sahibkarın  mülki məsuliyyətinin icbari qaydada  sığortalanmalı olduğunu bildirib. Bunun üstün cəhətlərinin çox olduğunu vurğulayıb: “Bu gün bina evlərində daha çox sığorta hadisələri baş verir. Qonşu aşağıda yaşayanların mənzilinə su axıdır. Yaxud, təmir zamanı digər mənzilə zədə vura bilər. Bu zaman qonşular arasında uzun mübahusələr yaranır, zərər isə bir qayda olaraq ödənilmir. Ancaq mükliməsuliyyətin sığortası olan halda həmin zərəri məhz sığorta şirkəti qarşılayır. Bu baxımdan çox lazımlı sığorta növüdür”.

Yeni təcrübə -müştərək sığorta

Dünya təcrübəsinə gəlincə, Ə.Həsənov qeyd edib ki, bır sıra ölkələrdə daşınmaz əmlakların sığortalanması üçün müştərək sığorta şirkətlərinin fəaliyyətindən istifadə edilib. Bu zaman vətəndaşların daha az itkiyə məruz qaldıqlarını deyib: “Kommersiya sığortasında vətəndaş daşınmaz əmlakını sığortalayır və bunun üçün tutaq ki, 1 il ərzində 50 manat ödəyir. Sığorta şirkəti isə topladığı vəsaiti öz xərclərinə, eyni zamanda sığorta hadisələrinə xərcləyir. Əgər bir sığorta şirkətində il ərzində 1 milyon insan əmlakını sığortalayarsa, nəticədə 50 milyon manat toplanar. İl ərzində həmin vəsaitin 10 milyonu sığorta hadisələrinə xərclənir. Qalan vəsait sığorta şirkətinin gəliri oldu. Müştərək sığorta prinsipləri ilə fəaliyyət göstərən şirkətlərdə isə həmin gəlir vətəndaşlar arasında bölünür. Tutaq ki, müştərək sığorta prinsipləri ilə 50 milyon manat vəsait toplanıb. Razılaşmaya əsasən, həmin vəsaitin tutaq ki, 20 faizi şığorta şirkətinə verilir. Qalan pul isə həmin  sığortaçılara aid olan əmlaklarda baş verən sığorta hadisələrində ödəniş edilir. Əgər il ərzində 10 milyon manatlıq hadisə baş verirsə, fondda da 30 milyon manat xərclənməmiş qalır. Həmin vəsait sığorta ödənişi edən hüquqi və fiziki şəxslər arasında bölünür. Faktiki olaraq sığorta haqqının 30 manatı vətəndaşa geri qaytarılır. Ona görə növbəti il üçün vətəndaş 20 manat ödəyib yenidən evini sığorta etdirir. Bu əmlak sahibləri üçün çox sərfəlidir”.

Ə.Həsənovun sözlərinə görə, müştərək sığorta prinsipi ilə fəaliyyət göstərən şirkəti vətəndaşlar özləri də təsis edə bilərlər. Həmin şirkətin fəaliyyəti isə şəffaf olmalıdır. Yeri gəlmişkən, bu ilin əvvəlindən qüvvəyə minən “Sığorta fəaliyyəti haqqında” qanunda müştərək sığortanın tətbiq edilməsi barədə müddəa yer alıb. Bununla həmin təcrübənin Azərbaycanda reallaşdırılması gözlənilir. 

Əmlak sığortası məcburi olsun?

Sığorta üzrə ekspert İlkin İbrahimov hər iki sığorta növünün bütün vətəndaşlar üçün məcburi olmasının tərəfdarıdır. Onun sözlərinə görə, daşınmaz əmlakların və onunla bağlı yaranan mülki məsuliyyətin sığortalanması ilə bağlı sahibkarlara nəzarət daha yaxşı qurulub. Ona görə də bu sahədə müsbət nəticələr əldə edilib. Ekspert eyni təcrübənin icra hakimiyyətləri tərəfindən həyata keçirilməsini, əmlakını sığorta etməyən fiziki şəxslərə cərimələrin tətbiq olunmasını istəyib. “Daşınmaz əmlakın icbari sığortası və mülki məsuliyyətin sığortası praktikada daha geniş tətbiq olunmalıdır. Eyni zamanda mülki məsuliyyətin icbari sığortası vətəndaşlara da aid edilməlidir. Qarşı tərəfə dəyən zərərin qarşılanması üçün bu, çox vacibdir”.

Beləliklə, bütün sahələrdə olduğu kimi, sığorta sektorunda da hər zaman yenilənməyə ehtiyac var. Eyni zamanda həmin yeniliklərin geniş auditoriyaya çatdırılması üçün faydalı kommunikasiyanın qurulması labüddür. Hər şeydən əvvəl isə təhlükəsizliyimiz özümüzün məsuliyyətli olmağımızdan asılıdır. 

Fərqanə Sədirova