\
6 Oktyabr 2024 - Bazar günü

TRACECA: Yükdaşımalarının sadələşdirilməsi istiqamətində təkliflər hazırlanır - EKSKLÜZİV

TRACECA: Yükdaşımalarının sadələşdirilməsi istiqamətində təkliflər hazırlanır - EKSKLÜZİV
1806baxış

“Koronavirus pandemiyasının yayılması şəraitində dövlətlərarası yükdaşımaların sadələşdirilməsi istiqamətində təkliflər hazırlayırıq”.

Bunu “Mediapress.az”a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib.

A.Mustafayev bildirib ki, təkliflər bütün dövlətlərə göndəriləcək: "Hazırladığımız təkliflər pandemiya şəraitində dövlətlərarası sərhəd-gömrük məntəqələrində həmin dövlətlərin daxili işlərinə qarışmadan yükdaşımalarının sadələşdirilməsi, maneələrin aradan qaldırılması məsələlərini əhatə edəcək. Təkliflərin biri də ondan ibarət ola bilər ki, tranzit maşınlar bir dövlətdə dezinfeksiya olunubsa və bütün proseslərdən keçibsə, qonşu dövlətdə yenidən dezinfeksiya edilməsin”.

“Ola bilsin may ayının ortalarında videokonfrans keçirtdik. Həmin videokonfransda TRACECA-ya daxil olan 13 dövlətin milli katibləri iştirak edəcək. Hazırladığımız təklifləri videokonfransda səsləndirəcəyik. Təklfilər digər dövlətlər tərəfindən qəbul olunandan sonra tövsiyə olaraq bütün dövlətlərə paylanılacaq. Çünki bu pandemiyanın hələ yaxın həftələrdə bitəcəyini hiss etmirik”, - deyə A.Mustafayev əlavə edib. 

Xatırladaq ki, Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.

TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi 2001-ci ildə Bakı şəhərində açılıb.

TRACECA Proqramının inkişafında mühüm hadisələrdən biri də 2008-ci il dekabrın 4-də Bakı şəhərində keçirilmiş TRACECA Nəqliyyat Nazirlərinin Yubiley Konfransı olub.