\
6 Oktyabr 2024 - Bazar günü

Deputat: "Rövşən Əhmədovun statusunu müəyyənləşdirmək istəyirik"

Deputat: "Rövşən Əhmədovun statusunu müəyyənləşdirmək istəyirik"
1648baxış

"Saytlar 2-3 gündür Rövşən Əhmədovla bağlı yazırdılar. Ona həm Gənclər və İdman Baş İdarəsi, həm də "Kəpəz" klubu sovqat göndərmişdi".

Bu fikirləri "Report"a açıqlamasında "Kəpəz” klubunun Müşahidə Şurasının üzvü, millət vəkili Müşfiq Cəfərov komandanın sabiq hücumçusu barədə danışarkən deyib. 

O bildirib ki, veteran futbolçunu tanıyan insanlar çoxdur: "Futbol həvəskarları, xüsusən də "Kəpəz"in azarkeşləri yetərincədir. Gəncə şəhəri həmişə futbolla nəfəs alıb. Fikirləşdik ki, araşdıraq, görək özü hazırda nə işlə məşğuldur, vəziyyəti nə yerdədir". 

 

Rövşən Əhmədov

 

Deputat xatırladıb ki, bir çox işləyən şəxs pandemiya dövründə  işsiz qalıb və hazırda evdədir. O, Rövşən Əhmədovun statusunu müəyyənləşdirmək istədiklərini söyləyib: "Bilmək istəyirik ki, Əhmədov pandemiyadan sonra hansısa işlə məşğul olacaqmı? Futbolçu olduğu üçün istəyərdik ki, futbolda olsun və öz fəaliyyətini bu sahədə davam etdirsin. Elə bir niyyətimiz də var. Araşdıracağıq, nə olsa, açıqlama verərik".

Cəfərov veteran futbolçu ilə danışdığını sözlərinə əlavə edib: "Mənə dedi ki, usta yanında fəhlə işləyir və futbola qayıtmağı da çox istəyir. Dedi ki, fəaliyyətim futbolla bağlı olub. Gəncə vağzalı yaxınlığında stadion var. Söylədi ki, orada iş alınsa, lap yaxşı olar. Əslində o, sakinlər üçün tikilmiş stadiondur. Stadionun vəziyyəti ilə maraqlanacağam. Əhmədov məşqçi kimi də çalışıb. Dedi ki, 6-7 ildir bu sahədən uzaqlaşıb. Əlimizdən nə gəlirsə, köməklik etməyə çalışacağıq".  

Qeyd edək ki, Rövşən Əhmədov "Kəpəz"in heyətində 3 dəfə çempion, 1996/1997 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri olub.