\
6 Oktyabr 2024 - Bazar günü

Daha bir sahibkar dövlət dəstəyinə görə məmnunluğunu bildirib

Daha bir sahibkar dövlət dəstəyinə görə məmnunluğunu bildirib
1706baxış

Dövlət başçısının "Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Artıq bir neçə sahibkara bu proqramlar çərçivəsində maliyyə dəstəyinin göstərilməsi həyata keçirilib.

Pandemiya ilə əlaqəli maddi zərər görən şirkətlərdən olan “Yes Travel” şirkətinin rəhbəri Sərxan Abdullayev “Report”a verdiyi açıqlamada dövlət dəstəyinin verilməsi ilə bağlı təəssüratını bölüşüb:

“Şirkətimiz turizm sektorunda fəaliyyət göstərir. Pandemiyanın yayılması ilə əlaqədar digər turizm şirkətləri kimi bizim şirkət də mənfi təsirlərə məruz qalmışdı. Lakin bu həssas dövr ərzində şirkətdə heç bir işçi ixtisarı və əməkhaqqı azaldılması tətbiq edilmədi.

Pandemiyadan təsirlənməyə görə dövlət tərəfindən şirkətimizə maliyyə dəstəyi göstərildi. Bütün məbləğ işçilərin əməkhaqqısına yönəldildi və 10 işçi arasında paylanıldı”. 

Qeyd edək ki, sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqısının ödənilməsi üçün 20 282 vergi ödəyicisinə 42,1 milyon manat, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 75 755 fərdi (mikro) sahibkara 47,9 milyon manat olmaqla maliyyə vəsaiti onların müvafiq bank hesablarına köçürülüb.

Tədbirlər Planında pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara ölkə Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ümumilikdə 295 milyon manat maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında xəzinədarlıq orqanları maliyyələşməni gündəlik əsasda davam etdirir.