\
5 Oktyabr 2024 - Şənbə

Azərbaycanlı tələbə “Genç Kızılay” sıralarında təmsil olunur - FOTOLAR

Azərbaycanlı tələbə “Genç Kızılay” sıralarında təmsil olunur - FOTOLAR
1261baxış

Dünyaya yayılan koronavirus infeksiyası bütün dünyanı təhlükə ilə qarşı-qarşıya qoydu. Bu infeksiyanın qısa müddətdə yayılması pandemiyanın qarşısının alınması üçün bütün ölkələrdə müvafiq addımlar atılmasını zəruri etdi. Dövlət tərəfindən görülən tədbirlərə, sosial yönümlü layihələrə vətəndaş cəmiyyətinin üzvləri, müxtəlif qeyri-hökümət təşkilatları, ayrı-ayrı yardımsevər insanlar, xüsusilə könüllülər öz töhfəsini verməkdədir. Azərbaycanda olduğu kimi, Türkiyədə də könüllülər pandemiya ilə mübarizədə dövlət orqanlarına bacardıqca yardım etməyə çalışırlar.

Bu mənada “Genç Kızılay” təşkilatı gördüyü işlərlə diqqəti özünə cəlb edib. Əsasən könüllü tələbələrin birliyi olan bu qurum bu çətin günlərdə ərzaq və dərman yardımı, qan bağışlama, ahıl və yaşlılara kömək və digər bu kimi aksiyaları ilə fəaldır. Sevindirici haldır ki, qardaş ölkədə “Genç Kızılay” sıralarında Türkiyədə təhsil alan azərbaycanlı tələbələr də təmsil olunur. Onlardan biri də Mirilkin Nəsirzadədir. İstanbulda yerləşən Nişantaşı Üniversitetində “Kompüter mühəndisliyi” ixtisasında təhsil alan M. Nəsirzadə elə təhsil aldığı universitetdə İnformasiya texnologiyaları şöbəsində çalışır. Mirilkin deyir ki, təhsil aldığı ali təhsil müəssisəsində “Genc Kızılay”ın könüllülər sırasına qoşulub. “Qan vermə aksiyasında, ərzaq yardım paylanmasında və bu kimi aksiyalarda iştrak etmişəm”, - deyə o, bildirir.  

Onu da bildirək ki, “Gənc Kızılay” könüllüləri dayanmadan yardımlara davam edirlər. COVİD vaxtında evindən çıxmayan yaşlıların və xroniki xəstələrin ehtiyaclarını qarşılayır, hətta onların ev heyvanlarını yeməklə təmin edir və gəzdirirlər. Ramazan ayında karantinlə bağlı çölə çıxma qadağası olduğu günlərdə könüllülər İstanbulda yaşayan əhaliyə çörək, su, təmizlik vasitələri, maska, əlcək, gigiyena vasitələri paylamağa davam edib. Tədbirlərin davam edəcəyini bildirən “Gənc Kızılay” İstanbul rəhbəri Berat Akova deyir ki, “Bütün xidmətlərimiz İstanbul xalqı üçündür. Ehtiyac sahiblərinə kömək etdiyimiz kimi, evindən çıxmayan vətəndaşlarımıza da kömək etməyə çalışırıq. Fərqlilik yaratmaq üçün sahur və iftar vaxtlarında könüllülərimizlə bərabər küçələrə çıxır, insanların zənbillərinə yeməklər qoyuruq. Onların üzündəki xoş təbəssüm bizə zövq verir”, - deyə o, bildirib.

Mediapress.az