\
5 Oktyabr 2024 - Şənbə

“Əhməd Əhmədzadə və Qorxmaz Hüseynov suallarımıza cavab versin” - Deputatdan 2 quruma qarşı sərt ittiham

“Əhməd Əhmədzadə və Qorxmaz Hüseynov suallarımıza cavab versin” - Deputatdan 2 quruma qarşı sərt ittiham
1270baxış

“Hazırda ölkədə iki sahədə daha çox, təsəvvür etdiyiniz dərəcədən də ağır problem var. Bunun biri suvarma suyu, digəri isə içməli su ilə bağlı olan problemlərdir. İlk öncə deyim ki, hazırda bu sahəyə illər ərzində ayrılan vəsaitlərin əldə olunması, konkret sahələrə və idarələrə yönəlik vəsaitin aşkara çıxarılması və xərclənməsi üzərində işləyirəm. Bizim millət vəkili olaraq ölkə və seçicilərimiz qarşısında öhdəliklərimiz var və bu öhdəlikləri yerinə yetirmək üçün heç kim və heç nə bizə mane olmamalıdır, mənə mane ola bilməz. Bunu birmənalı deyirəm”.

Bunu deputat Razi Nurullayev deyib. O, millət vəkillərinin də bu məsələdə daha sərt mövqe sərgiləyəcəyinə inamını ifadə edib. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə, eləcə də "Azərsu" sədri Qorxmaz Hüseynovun Milli Məclisə dəvət edilməsini istəyib:

“Keçən plenar iclasda bunun şahidi olduq, onlarla millət vəkili bu məsələləri dedi və çağırış etdi. İndi isə məsələ demək və çağırış etməklə bitməməlidir və mənim üçün bu mərhələ bitib. Meliorasiya və Su Təsərrüfatı ASC və "Azərsu" rəhbərlərinin Milli Məclisə dəvət olunmasını istəyirəm, hörmətli həmkarlarımdan da bu məsələdə dəstək gözləyirəm. Mən hazır qovluq ilə gəlmək və bizi narahat edən suallarımıza açıq olaraq cavab almaq istəyirəm. Elə təmsil etdiyim İmişli rayonunun suvarma və içməli su sahəsində olan çox ciddi mənfi halları da açıq olaraq səsləndirmək zamanıdır. İllərlə yığılıb qalan problemlər var. İndiyə qədər də bu məsələlərin həll olunmaması və prioritet olaraq önə çəkilməməsi qaranlıq məqamlardan xəbər verir. Ümumiyyətlə, bəzi yüksək vəzifəlilər işlərini elə qururlar ki, müəyyən sahədə olan problemlərin həlli zamanı daha çox vəsait silmək mümkün olsun. Əgər bir problemin həlli daha vacibdirsə, amma oradan az büdcə vəsaiti silmək mümkün olacaqsa, onu qovluqların lap alt hisəsinə qoyurlar və ya cənab Prezidentə təqdim etmirlər. Bir dəfə plenar iclasda səsləndirmişəm, buradan yenə də təkrar edirəm. Milli Məclisin deputatlarından ibarət nəzarət mexanizmi yaradılmasına ciddi ehtiyac var. 5-6 nəfərlik deputat korpusundan yaradılan bu komissiyalar təhkim olunduqları dövlət qurumlarına nəzarət funksiyasını yerinə yetirsin və ehtiyac duyulduğu təqdirdə həmin qurumun fəaliyyətini Milli Məclisin müzakirəsinə çıxarsın, həm də o qurumun şəffaf fəaliyyətinə görə məsuliyyət daşısın”.