Kim Çen In ölkədə ilk koronavirusa yoluxma faktına görə bütöv bir şəhəri bağlayıb
KXDR lideri Kim Çen In ölkədə ilk koronavirus infeksiyasına yoluxma ehtimalı barədə məlumat verildikdən sonra Keson şəhərini bağlamaq və onun rayonlarını bir-birindən təcrid etmək qərarına gəlib.
APA xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu KXDR lideri Kim Çen Inın sədrliyi ilə koronavirus infeksiyası şübhəsinin qeydə alındığı Keson şəhərində vəziyyətə baxılması üçün təcili iclas keçirib. Şimali Koreya lideri müvafiq ərazidə fövqəladə vəziyyət rejimi də tətbiq edib. İclasda “milli fövqəladə karantin sistemi”ndən “maksimum fövqəladə vəziyyət sistemi”nə keçmək qərara alınıb.
Cənubi Koreyadan qayıtmış şəxsdə virusa yoluxma halı təsdiqlənərsə, bu, KXDR-də koronavirusa ilk yoluxma halı kimi qeydə alınacaq. Rəsmi məlumatlara görə, KXDR-də koronavirus infeksiyasına yoluxma ilə bağlı heç bir fakt qeydə alınmayıb.