\
3 Oktyabr 2024 - Cümə axşamı

Ukraynada təyyarə qəzası:həlak olanların hamısının meyiti tapıldı

Ukraynada təyyarə qəzası:həlak olanların hamısının meyiti tapıldı
1568baxış

Ukrayna xilasediciləri Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu AN-26 hərbi təyyarəsinin qəzaya uğradığı yerdə axtarış əməliyyatlarını dayandırıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu gün səhər hadisə yerindən daha üç kursantın meyiti tapılıb. Bundan sonra axtarış işləri dayandırılıb.

Xatırladaq ki, dünən axşam saatlarında Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarədə heyət üzvləri və Xarkov Hava Qüvvələri Universitetinin kursantları ilə birlikdə 27 nəfər olub.

İki kursant təyyarədən atılaraq xilas olub, onlar hazırda xəstəxanadadır.

Yeri gəlmişkən, Ukrayna Prezidenti Vladimir Zelenski dünən Xarkov vilayətinə-təyyarə qəzasının baş verdiyi yerə gedəcəyini bildirmişdi: “Təcili surətdə faciənin səbəbi və bütün detallarını öyrənmək üçün komissiya yaradırıq. Bununla bağlı Baş Nazirə müvafiq tapşırıq verdim. Hadisə yerində artıq axtarış qrupu işləyir. Sabah (bu gün-red.) Xarkovda olacam”.