Los Ancelesdəki Baş konsulluq Şərif Fəxri Mirzəquliyevin hüquqlarının tam şəkildə müdafiə olunmasını tələb edib - "Erməni lobbisinin apardığı məkrli kampaniyanı qınayırıq!"
ABŞ-nın Los-Anceles Şerif Departamentinin əməkdaşı Fəxri Mirzəquliyevin öz “Facebook” hesabında paylaşım edib. Paylaşımda bildirilir ki, Şərif Fəxri Mirzəquliyev erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalır. Buna səbəb onun Los-Ancelesdə erməni lobbisinin azərbaycanlıların aksiyası zamanı həmvətənlilərini qoruması olub.
Məsələ ilə bağlı Los Ancelesdəki Azərbaycan konsulluğunun münasibətini öyrəndik. Nəsimi Ağayev Mediapress.az-a bildirdi ki, baş verənləri qınayırıq:
“İlk növbədə, erməni lobbisi tərəfindən F.Mirzəquliyevə edilən təzyiqləri şiddətlə qınadığımızı bildiririk. Bununla bağlı, artıq Baş Konsulluq Şerif Departamentinə müraciət edərək, F.Mirzəquliyevə qarşı erməni lobbisinin apardığı məkrli və irqçi kampaniyanın rədd edilməsini və onun hüquqlarının tam şəkildə müdafiə olunmasını tələb edib", - deyə açıqlama verən N.Ağayev ətraflı facebook səhifəsində paylaşım etdiklərini də əlavə etdi.
Paylaşımda bildirilir:
Qarabağda müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad edərkən, arxa cəbhənin əsgərləri olaraq, yarım milyonluq erməni icmasının yaşadığı Los-Anceles kimi mürəkkəb bir yerdə, hər gün radikal erməni lobbisinin birbaşa hədə, təhdid və təzyiqləri ilə üzləşən Baş Konsulluq, dörd diplomatdan ibarət kiçik bir heyətlə gecə-gündüz çalışaraq, Qarabağ həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırmaqdadır. Bu səpkidə indi bu ümummilli məsələdə bir-birimizə dəstək olmanın və birliyin həmişəkindən daha vacib olduğunu qeyd edərək, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər barədə yerli ictimaiyyəti məlumatlandıran hər bir icma üzvümüzə də təşəkkür edirik. Biz yalnız birlikdə güclüyük!”, - deyə məlumatda qeyd edilib.