“Media Təhlil Mərkəzi” “COVİD-19” əleyhinə peyvəndlə bağlı ictimaiyyətin rəyini öyrənib
“Media Təhlil Mərkəzi” keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb. Mərkəz “COVİD-19” əleyhinə peyvəndlə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün sorğu keçirib.
Mediapress.az-ın məlumatına görə, sorğuda iştirak edən 780 respondentin (43,1% qadın, 56,9%-kişi) 39,5%-i qısa müddət ərzində peyvənd olunmaq istədiyini, 16,5%-i peyvənd olunmaq istəmədiyini, 44%-i isə peyvənd olunanların reaksiyasını gözlədiyini bildirib.
Peyvənd olunmaq istəməyənlərin 44%-i qadın, 35%-i isə kişidir.
Vaksinasiyadan keçmək istəyənlərin 53%-i istehsalçı ölkəyə böyük əhəmiyyət verdiklərini, 15,3%-i isə vaksinin hansı ölkədə istehsal olunmasına əhəmiyyət vermədiyini deyib.
Sorğuda iştirak edənlərin 31,7%-i isə dövlət tərəfindən alınan vaksinə etibar etdiyini qeyd edib.
Bundan başqa, rəy sorğusunda iştirak edən respondentlərin 53%-i “COVİD-19” virusuna yoluxma təhlükəsindən ehtiyat etdiyini, 22,3%-i virusdan qorxmadığını, 19,4%-i isə artıq virusa yoluxduğunu bildirib. 5,3% respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini etiraf edib.
Bu sorğu “Media Təhlil Mərkəzi” tərəfindən 22-27 yanvar tarixləri arasında keçirilib.