Qubad İbadoğlu 907-ci düzəlişlə bağlı Baydenə müraciət etdi (TAM MƏTN)
1441
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu ABŞ Prezidenti Cozef Baydenə, ABŞ Senatının prezidenti Kamilla Harissə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensy Pelosiyə və ABŞ Dövlət Katibi Antony Blinkenə müraciət edib.
Mediapress.az xəbər verir ki, müraciətdə ABŞ rəhbərliyindən Azərbaycana qarşı imzalanan 907-ci düzəlişin ləğvini istəyib:
"1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına 907-ci düzəliş qəbul edilib ki, bununla da Amerikanın Azərbaycana birbaşa dövlət yardımı 2002-ci ilədək yasaqlanıb. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan indiyə qədər 20 ildir ki, ABŞ prezidentləri hər il 907-ci düzəlişin təxirə salınması ilə bağlı qərar imzalayırlar.
907-ci düzəlişin a bəndinqə göstərilir, ABŞ prezidenti Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etsə və bu haqda Konqresə məruzə etsə, Azərbaycan hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım qadağası aradan qaldırıla bilər. Eyni zamanda həmin düzəlişdə qeyd olunur ki, Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.
Hörmətli cənab prezident!
Bildiyiniz kimi, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya dövlət və hökümət başçılarının imzaladığı 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişlə Cənubi Qafqaz regionunda, o cümlədən Ermənistana, Naxçıvana və Dağlıq Qarabağa münasibətdə bloklanan bütün kommunikasiya və nəqliyyat xətlərinin açılması razılaşdırılıb. 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlə həmin razılaşmanın icrası üçün Azərbaycan, Ermənistan və Rusiya hökümət başçılarının müavinlərindən ibarət komissiya yaradılıb. Komissiyanın ilk iclası 30 yanvar 2021-ci ildə keçirilib, tərəflər kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin bərpasına dair fəaliyyət planlarının işlənilməsinə start verib. Bu Fəaliyyət Planının martın 1-dək qəbul olunması nəzərdə tutulub. Bununla da Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətləri region ölkələrinin məhdudiyyətsiz istifadəsinə veriləcək. Belə olan halda da "Azadlığa dəstək aktı”na 907-ci düzəliş əhəmiyyətini itirir. Odur ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı adından sizə müraciət edir, bölgədə yeni yaranmış situasiyanı əsas götürməklə, Azərbaycan, Ermənistan, Naxçıvan, Dağlıq Qarabağ arasında nəqliyyat-kommunikasiya xətlərinin açıldığını nəzərə alıb, bölgənin, eləcə də Azərbaycanla ABŞ arasında kitərəfli əməkdaşlığın inkişafı naminə "Azadlıq aktı”na 907-ci düzəlişin ləğv edilməsi üçün ən qısa müddətdə Konqresə təqdimat verməyinizi xahiş edirik. Əminik ki, sizin bu təşəbbüsünüz xalqlarımız arasında dostluq və mehribanlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək və Azərbaycanın işğaldan azad edilmiş rayonlarda bərpa və yenidənqurma işlərinin aparılmasına ABŞ-ın dövlət mənşəli sərmayələrinin cəlb edilməsi üçün vacib olan hüquqi əsas yaradacaq”.