\
2 Oktyabr 2024 - Çərşənbə

Belçikada iranlı diplomata 20 il həbs cəzası verildi

Belçikada iranlı diplomata 20 il həbs cəzası verildi
1503baxış

Belçika məhkəməsi iranlı diplomat Əsədullah Əsədiyə 20 il həbs cəzası verib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, 49 yaşlı diplomat iranlı müxaliflərə qarşı terror aktı planlaşdırmaqda təqsirli bilinib.

Xatırladaq ki, terror aktı 2018-ci ilin iyun ayında Paris yaxınlığında keçirilən mitinqdə reallaşdırılmalıydı. Yeri gəlmişkən, tədbirdə Donald Trampın vəkili Rudolf Culiani də daxil olmaqla, minlərlə insan iştirak etmişdi.

Fransa, İran Kəşfiyyat Nazirliyini planlı hücumda günahlandırdı və iki yüksək səviyyəli İran rəsmisinin aktivlərini dondurdu.

Əsədi 2018-ci ilin iyununda Almaniyada,  Lüksemburqda İran əsilli Belçika cütlüyü ilə görüşdən bir neçə gün sonra həbs edildi. Bir kişi və bir qadın Brüsseldə həbs olundu, onlarda yarım kiloqram partlayıcı və detonatorlar aşkarlandı. Onlar etiraf etdilər ki, bağlamanı diplomatdan alıblar, lakin onun içində nə olduğunu bildiklərini inkar etdilər.

Bu iş üzrə Belçika-İran şairi Merhad Arefani də həbs edilib. O, terrorçulara yardım etməkdə ittiham olunub. Hər üç şəxs 15 ildən 18 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Prokurorluğun məlumatına görə, partlayışın hədəfi İranda milli müqavimət Şurasının lideri Məryəm Rajavi və 2018-ci il mitinqində iştirak edən bir sıra tanınmış beynəlxalq xadimlər idi.

Tehran isə bu işi uydurma adlandırır.