\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Azərbaycanın su ehtiyatları azalır

Azərbaycanın su ehtiyatları azalır
1673baxış

"Son 7-8 ildə Azərbaycanda su ehtiyatları iqlim dəyişmələri və quraqlıq səbəbindən azalmağa doğru gedir”.

Virtualaz.org bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, nəticədə buxarlanmalar və su itkiləri çoxalır: “Bütün bunlar nəzərə alınaraq, ölkədə kifayət qədər tədbirlər həyata keçirilir. Çaylardan götürülən suyun qənaətlə istifadə olunması, israfçılığa yol verilməməsi ölkədə ETSN tərəfindən aparılan əsas işlərdən biri olub”.

M.Əbdülhəsənov qeyd edib ki, keçən il Kür çayında suyun azalmasından sonra qabaqlayıcı tədbirlər görülüb: “Mingəçevr su anbarında suyun səviyyəsi keçən illə müqayisədə 1,16 metr yüksəkdir. Kür çayının suyuna mütəmadi nəzarət olunur, dinamikalar öyrənilir”.

Şöbə müdiri onu da bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Azərbaycanda 10 su anbarının yenidən qurulması və tikilməsi nəzərdə tutulub.

O qeyd edib ki, Böyük Qafqaz dağlarının ətəyində olan Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay üzərində yeni su anbarları inşa ediləcək: “Eyni zamanda, Kiçik Qafqaz dağlarının ətəyində olan iki çay üzərində də su anbarları inşa ediləcək. Su anbarlarının texniki iqtisadi əsasları hazırlanır. Yaxın illərdə bu anbarların tikintisinə başlanılacaq”.