\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Turistləri özünə cəlb edən məkanlardan biri - Kəməraltı bazarı - Eksklüziv - FOTOLAR

Turistləri özünə cəlb edən məkanlardan biri - Kəməraltı bazarı - Eksklüziv - FOTOLAR
1203baxış

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin birgə proqramı çərçivəsində bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib. Səfər zamanı jurnalistlər İstanbul, Ankara və İzmir şəhərlərinin turistik məkanlarında olublar.

Səfər ərəfəsində İzmirdəki Kəməraltı bazarı da diqqətdən kənarda qalmayıb, əlbəttə ki. 

İlk öncə qeyd edək ki, hər addımında qədimliklə müasirliyi bir arada yaşadan İzmirdə XVII əsrdə inşa olunmuş Kəməraltı adlı bazar da turistləri cəlb edən məkanlardandır. Konak meydanının yaxınlığında olan bu tarixi bazarın adının isə maraqlı izahı var. Kəməraltı - "bazarın yuxarı hissəsi", "üstü örtülüdür" deməkdir. Bazara aparan ilk yol 1592-ci ildə tikilmiş Hisar məscidindən başlayır. Kəməraltı təkcə İzmirin deyil, bütövlükdə Osmanlı imperatorluğunun ən mühüm alış-veriş mərkəzi olub. Hansı ki, hələ də bu adət təkrarlanmaqdadır.

Kəməraltı bazarı turistlər üçün alış-veriş etməyə tam bir məkandır. Burda türk tarixini əks etdirən əl işlərindən tutmuş modern mallara kimi hər şey var. Diqqəti cəlb edən mağazalardan biri isə kitab mağazasıdır. Hansı ki, daima alıcılarla dolub-daşır. Satıcılardan aldığımız məlumata görə, burada əsasən Osmanlı imperatorluğu, Sultan Süleyman, Atatürk, bir sözlə, tarixi şəxsiyyətlərlə bağlı olan kitabların alışı üstünlük təşkil edir.

Gəzinti zamanı “Maksul” adlı mağazadakı "qaynaşma" da diqqətimizdən yayınmadı. Buradakı fərqlilik – bütün malların mağaza sahibinin Madrindəki təsərrüfatında hazırlanmasından ibarətdir. Müxtəlif cür meyvə quruları, qoz-fındıq, fıstıq ləpələri, çay dəmləmələri üçün bitki növlərinin qurudulmuş halı, xəstəliklərə qarşı bitkilər, şirniyyat növləri, biş-düş üçün ləvazimatlar, yeməkləri, şirniyyatları dada gətirən toz halına salınmış, həmçinin bəzək-düzək vermək üçün gözəl görünüşlü ləvazimatlar, xüsusi çay növləri, pul bibər, qara istiot, hətta artıq kilolardan qurtulmaq üçün müxtəlif növ bitki quruları və s.

Mağazanın sahibi Serkan Kərimoğlunun bildirdiyinə görə, içəri daxil olan turistlər çeşidləri görüb, təəccüblənirlər. “Burda gördüyünüz bütün hər şey orqanikdir. Yerli maldır. Öz təsərrüfatımızdandır. Mardində hazırlanıb, gətirib burda satırıq. Yerli camaat artıq bilir nə nədir, amma xarici vətəndaşlar şəhərimizə gələndə mütləq yolunu Kəməraltı bazarından salır və mağazamızın önündən yan keçmir. Məhsullarımızın ətirləri onları bihuş edir”, - deyən Serkan bəyin sözlərinə görə, turistlər əsasən meyvə qurularına heyrətlənirlər.

Türkiyə məhsullarını çox sevdiklərini bildirən mağaza sahibi əlavə etdi ki, İzmirə səfər zamanı hər bir turist nəyin bahasına olursa-olsun, mütləq mənada türk qəhvəsindən dadır və istər-istəməz bu qəhvədən alıb öz ölkəsinə aparır.

#GoTürkiye #OnlyInTürkiye #ReTurkey #SafeTourism #ReadyAndSafeTürkiye #SafeTourismTürkiye

Hazırladı: Könül Aypara

Mediapress.az