\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Çin İrandan neft idxalını artırır

Çin İrandan neft idxalını artırır
1487baxış

Bütün digər bazar iştirakçıları ABŞ Prezidenti Cozef Baydenin rəsmi Tehrana qarşı sanksiyaları ləğv etməsini gözləyərkən Çin İrandan neft idxalını artırır.

Bu barədə “Al Arabia” agentliyi məlumat yayıb.

Treyderlərin və analitiklərin məlumatına görə, Çinin emal gücünün dörddə birinin yerləşdiyi Şandun əyalətinə İran xammalının tədarükü bu ay o qədər artıb ki, Çin limanlarında neft tankerləri yığılıb qalıb.

“Mart ayının sonuna qədər Çinin İrandan idxal etdiyi neftin həcmi 856 min barrel/günə çatacaq ki, bu da öncəki aya nisbətən 129% çoxdur”, - “Kpler” şirkətinin analitiki Kevin Rayt hesab edir. Qeyd olunub ki, hesablamalarda yanacağın mənşəyini gizlətmək üçün Yaxın Şərqdə və ya Sinqapur, Malayziya və İndoneziya sularında gəmidən gəmiyə boşaldılan neft də nəzərə alınır.

Əksər treyderlər və NEZ-lər ABŞ-ın sanksiya siyahısına düşməkdən qorxduğundan İran neftini almaq istəmirlər. Eyni zamanda, Tehran neft ixracatından əldə olunan gəlirləri artırmaq məqsədi ilə “aqressiv marketinqə” əl atır.

ABŞ sanksiyaları səbəbindən İran nefti əhəmiyyətli dərəcədə endirimlə satılır. Məsələn, Çində İrandan gələn xammalın qiyməti adətən “Brent”in etalon qiymətindən 3-5 dollar az olur, bu da yerli şirkətləri xammalın qiymətləri artdıqca İran neftinin alışlarını artırmağa təşviq edir.

“Bloomberg”in hesablamalarına görə, bu ilin yanvar və fevral aylarında Çinin neft idxalı orta hesabla gündəlik 11,1 milyon barrel olub ki, bu da 2020-ci ilin dekabrına nisbətən 20 faiz çoxdur.

“Report” xatırladır ki, İranın neft ixracatı 2018-ci ildə 2,8 milyon barrel/günə çatırdı, lakin ötən ilin sonunda 300 min barrel/günə düşüb. Bunu tankerin izləmə məlumatlarına əsaslanan təxmini qiymətləndirmə göstərir.