Mingəçevir Dövlət Universiteti və KTO Karatay Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb - FOTO
2021-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Konya şəhərində yerləşən KTO Karatay Universitetini ziyarət edib.
Ziyarət çərçivəsində Ş.Bayramov Konya Ticarət Odasının (KTO) idarə heyətinin sədri Selçuk Öztürk və KTO Karatay Universitetinin rektoru Bayram Sade ilə görüşüb.
Görüşdə S.Öztürk Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluğun və qardaşlığın möhkəmlənməsində təhsil sahəsindəki əlaqələrin əhəmiyyətli rolundan danışıb. Azərbaycanın sürətlə inkişaf etdiyini, 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi Zəfərdən sonra yeni dönəmin başlandığını bildirən S.Öztürk MDU ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib və bu sahədə bütün mümkün dəstəyin göstərilməsinə hazır olduğunu diqqətə çatdırıb.
KTO Karatay Universitetinin Türkiyənin sürətlə böyüyən sənaye mərkəzlərindən biri olan Konyada yerləşdiyini vurğulayan S.Öztürk universitet və sənaye arasında davamlı işbirliyinin yaradılması, unversitet büdcəsinin sənayeyə xidmət hesabına genişləndirilməsi, yeni nəsil kampusun yaradılması, rəqəmsallaşma və digər məsələlər haqqında fikirlərini bölüşüb, əldə etdikləri uğurlardan bəhs edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən rektor Ş.Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərinin sayəsində möhtəşəm qələbə qazandığımız Vətən Müharibəsində göstərilən mənəvi dəstəyə və təəssübkeşliyə görə S.Öztürkə, eləcə də universitetin kollektivinə minnətdarlıq edib.
Təmsil etdiyi universitetin Azərbaycanın dördüncü sənaye şəhərində yerləşdiyini vurğulayan Ş.Bayramov görüşün əsas məqsədinin yeni dövrün ali təhsil müəssisəsinə transformasiyanı hədəfləyən MDU-nun tədris, elmi tədqiqat, startaplar, kampus idarəçliyi və digər sahələrdə KTO Karatay Universitetinin qabaqcıl təcrübəsindən faydalana bilməsi üçün əlverişli və çevik əməkdaşlıq mühitinin formalaşdırılmasından ibarət olduğunu bildirib. MDU-da bakalavriat və magistratura səviyyələri üzrə mövcud olan təhsil proqramlarından, infrastrukturun modernləşdirilməsi, akademik və inzibati heyətin bacarıqlarının artırılması sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Ş.Bayramov qarşılıqlı əməkdaşlığın potensial istiqamətlərini diqqətə çatdırıb.
MDU tərəfindən irəli sürülən ikitərəfli əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirən rektor B.Sade KTO Karatay Universitetinin missiyası, fəaliyyət istiqamətləri, güclü tərəfləri və gələcək hədəfləri barədə ətraflı məlumat verib. Universitetdə doqquz mindən çox tələbənin təhsil aldığını deyən B.Sade rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inkişafında əlverişli mövqedə yerləşmə və sənayeyə açıqlıq kimi amillərin müstəsna rol oynadığını vurğulayıb.
Görüşdə MDU ilə KTO Karatay Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutan protokol tədris prosesində ortaq fəaliyyətlərin həyata keçirilməsi, tələbə və magistr mübadiləsi, müəllim və inzibati heyətin mobilliliyi, akademik və elmi sahədə sertifikat proqramları, ortaq konfranslar və simpoziumların keçirilməsi, birgə tədqiqatların aparılması, elmi məqalələrin dərc edilməsi və digər məsələləri əhatə edir.
Faydalı keçən görüşdə Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşı Nəcibə Nəsibova, MDU rektorunun müşaviri Hamiz Mahmudov və KTO Karatay Universitetinin rəhbər şəxsləri də iştirak ediblər.
Daha sonra, nümayəndə heyətinin üzvləri KTO Karatay Universitetinin müasir kampusu ilə tanış olublar.