Hərbi hospitalın əsaslı təmir edilən yoluxucu xəstəliklər bölməsinin açılışı olub
Azərbaycan müdafiə naziri Zakir Həsənov hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq hərbi hospitalın əsaslı təmir edilən yoluxucu xəstəliklər bölməsinin açılışında iştirak edib.
Bu barədə "Mediapress.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Açılış mərasimində qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam edir, hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastruktur yaradılır.
Yoluxucu xəstəliklər bölməsindəki şəraitlə tanış olan Müdafiə naziri manipulyasiya və diaqnostika otaqları, intensiv terapiya palatası, yarım boks və tam boks tipli palatalar, nəzarətdə qalan xəstələr üçün ayrılmış palata və xəstələrin qəbulu otağına baxış keçirib.
Bildirilib ki, inkişaf etmiş ölkələrdə istehsal edilən ən müasir tibbi avadanlıqlarla təchiz edilən bölmədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.
Sonda Müdafiə naziri tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.