“Atəşgah” Sığorta Qrupu ESG transformasiyasının tətbiqinə başlayır
Bir müddət əvvəl “Atəşgah” SQ 2019-2021-ci illər üzrə inkişaf strategiyasının nailiyyətlərini açıqlayıb. Qrupa daxil olan şirkətlər alternativ satış kanallarını inkişaf etdirərək, regionlarda satışları təkmilləşdirərək, sığorta məhsullarının çeşidlərini artırıb müştərilərin rahatlığı üçün öz rəqəmsal platformalarını tətbiq edərək maliyyə göstəricilərini yaxşılaşdırmağa nail olublar.
Koronavirus pandemiyası yeni biznes-həllərin işlənib hazırlanmasına və tətbiqinə tələbatı kəskin artırmışdır. "Atəşgah" Sığorta Qrupu da öz növbəsində zamanın bu tələbinə uyğun olaraq, zərərlərin məsafədən tənzimlənməsini, zərərlərin elektron sistem üzərindən qiymətləndirilməsini, xidmət keyfiyyətinin ölçülməsi üzrə onlayn sistemin, elektron sənəd dövriyyəsi sisteminin və “Telesəhiyyə” xidmətinin tətbiqini həyata keçirmişdir.
Həmçinin, “Atəşgah” SQ Keyfiyyətin Menecmenti Sisteminin beynəlxalq standartlara tam uyğunluğunu təsdiq edən İSO 9001:2015 sertifikatına layiq görülüb.
Sığorta Qrupunun 3 illik strategiyası 5 istiqaməti əhatə edirdi:
1. İnformasiya texnologiyaları infrastrukturunun inkişafı, şirkət üzrə rəqəmsallaşdırma səviyyəsinin yüksəldilməsi;
2. Biznes proseslərin təkmilləşdirilməsi;
3. Müştəri xidmətləri səviyyəsinin yüksəldilməsi;
4. İnsan kapitalına investisiya;
5. Yeni müştəriyönümlü sığorta məhsullarının yaradılması.
2021-ci ilin 17 mart tarixində “Atəşgah” SQ-nun Direktorlar Şurasının növbəti iclasında sığorta qrupunun 2022-2024-cü illər üzrə inkişaf strategiyasının hazırlanması və bu strategiya çərçivəsində ESG (Environmental Social Governance) transformasiya prinsiplərinin tətbiq edilməsi haqqında qərar verilmişdir.
ESG-transformasiyası nədir?
Biznesin bütün sahələri ekoloji, sosial və idarəetmə problemləri üzrə bir-biri ilə sıx bağlıdırlar. Müasir cəmiyyətin problemlərinin həllinə yönlənmiş yeni ESG sistemlərinin, ağıllı texnologiyaların və yenilikçi yanaşmaların tətbiqi isə iqtisadiyyatın fərqli sektorlarının ətraf mühitə vurduğu mənfi təsirini minimuma endirməyə imkan verəcəkdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in təsdiq edilməsi haqqında imzaladığı sərəncamda xüsusən vurğulanan məqam ondan ibarətdir ki, qlobal iqtisadi reallıq və yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər, ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və müvafiq milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Qeyd olunan konsepsiya çərçivəsində “Atəşgah” SQ aşağıda sadalanan beş milli prioritetə uyğunlaşmaq məqsədi ilə Azərbaycanda ESG-transformasiyasını tətbiq edən ilk sığorta şirkəti olacaq:
1. Dayanmadan artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. İşğaldan azad olunmuş ərazilərə qayıdış;
5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
2020-ci il ərzində sığorta əməliyyatları üzrə “Atəşgah” Sığorta Şirkətinin yığımları 25,3 mln. AZN, “Atəşgah Həyat” Sığorta Şirkətinin yığımları isə 41,5 mln. AZN təşkil etmişdir.
Hal-hazırda “Atəşgah” SQ Azərbaycanın TOP-2 sığorta qrupları sırasına daxildir.
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.