Əfqanıstan prezidenti Kabildə ABŞ-ın müdafiə naziri ilə danışıqlar apardı
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani gözlənilmədən Kabilə səfər edən ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə danışıqlar aparıb.
Bu barədə Əfqanıstanın dövlət başçısının dəftərxanasının bəyanatında bildirilir. Məlumata görə, tərəflər görüşün gedişatında ölkədə (radikal “Taliban” hərəkatı tərəfindən - red) zorakılığın eskalasiyasından narahatlıqlarını ifadə ediblər. Qani və Ostin həmçinin qeyd ediblər ki, Əfqanıstandakı mövcud vəziyyətin əsas həlli yolu uzunmüddətli və ədalətli sülhün bərqərar olmasındadır.
Pentaqon rəhbəri ABŞ-ın bu istiqamətdə Əfqanıstan hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Ostinin Kabilə səfəri rəsmi Vaşinqton və radikal “Taliban” nümayəndələri arasında Dohada tərəflər arasında imzalanan müqavilənin icrası ilə bağlı fikir ayrılıqları fonunda baş verir. Müqavilənin əsas məqamlardan biri Amerika qoşunlarının bu ilin 1 mayına qədər ölkədən çıxarılmasıdır.
Ötən gün Pentaqonun başçısı Nyu-Dehlidə bildirib ki, ABŞ prezidenti Cozef Bayden hələ Amerika qoşunlarının Əfqanıstandan çıxarılması müddəti haqqında qəti qərar qəbul etməyib. Ostinin sözlərinə görə, administrasiyada bu məsələ üzrə proses davam edir və prezident həqiqətən qərarın qəbulu üzərində işləyir.