\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
1378baxış

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Təhsil Nazirliyindən  verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma halları kəskin artmaqdadır, virus o cümlədən məktəblərdə şagirdlər və müəllimlər arasında yayılır.

"Bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonun) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi. Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür".

Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində verilmiş qərarla bağlı bunları bildirib.

 

Nazir qeyd edib ki, yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur: "Hörmətli təhsil ictimaiyyəti, məlum olduğu kimi, pedaqoji və texniki heyətin peyvənd olunması prosesi davam edir. Bir daha vurğulamalıyam ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm. Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır".