\
30 Sentyabr 2024 - Bazar ertəsi

Azərbaycandakı qoruqlarda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Azərbaycandakı qoruqlarda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
1427baxış

Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, Şəki Tarix-Diyarşünaslıq Muzeyi və “Kiş” Tarix-Memarlıq Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirilib.

Bu barədə Mediapress.az-a DTA-dan məlumat verilib.

Məlumata görə, “Yanar dağ” qoruğunda Abşeron rayonu Uşaq Gənclər İnkişaf Mərkəzinin “Qala” rəqs qrupu, məktəblilərin nağara və saz musiqi qruplarının çıxışları olub. Bakı Anadolu liseyinin rəqs qrupunun çıxış etdiyi tədbirdə Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşavir vəkili Hüseyin Altınalan, Bakı Türk Anadolu Liseyinin müdiri Nurullah Yazıcı, Abşeron rayonu İcra Hakimiyyəti yanında ictimai şuranın sədri Elçin Quliyev və digər qonaqlar iştirak ediblər.

“Yuxarı Baş” qoruğu isə Şəki Xan Sarayında uşaqlar üçün əyləncəli tədbir təşkil olunub. Tədbirinin iştirakçıları arasında şeir müsabiqəsi və müxtəlif oyunlar keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

“Kiş” qoruğunu ziyarət edən qonaqlar yerli sənətkarlarla yanaşı, H.Əliyev adına 1 saylı tam orta məktəbin şagirdi Nurənə Hüseynovanın əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində isə “Dünyanı uşaqlara verək” adlı xüsusi guşə yaradılıb. Burada azyaşlılar üçün əyləncəli tədbirlərlə yanaşı, maarifləndirici məlumatlar da təqdim olunub.