Azərbaycanda toylara icazə verildi
1 iyul tarixindən aşağıdakı tələblərə riayət etməklə ştoy, nişan, ad günləri və s. keçirilməsinə icazə verilir.
Mediapress.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.
50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur.
Bununla yanaşı 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.