\
29 Sentyabr 2024 - Bazar günü

Şahzadə qardaşlar arasında Meqan Markl qalmaqalı...

Şahzadə qardaşlar arasında Meqan Markl qalmaqalı...
1427baxış

İngiltərə Şahzadələri - 39 yaşlı Uilyamla 36 yaşlı Harri arasındakı münaqişə uzun müddətdir ingilis mediasının gündəmini tutmağa davam edir.

 

Bu yaxınlarda qardaşlar arasında yaşanan qalmaqalın təfərrüatları məlum olub.

 

Mediapress.az xəbər verir ki, bu barədə İngiltərə tarixçisi Robert Leysinin “Qardaşların savaşı: Təlaş içində olan bir ailənin hekayəsi” kitabında məlumat verilib.

Kitabın “Times” nəşri tərəfindən yayımlanan bir hissəsində bildirilib ki, saray işçilərinin Şahzadə Harrinin yoldaşı Meqan Marklın kobud davranışlarından şikayətlənməsi Uilyamla Harri arasında münaqişəyə səbəb olub.

 

Robert Leysi Harrinin həyat yoldaşını şiddətlə müdafiə etdiyini və Uilyamın onla əlaqə saxlaya bilməməsi üçün telefonunu qəsdən söndürdüyünü yazır. Ancaq Kembric Hersoqu geri çəkilməyib və qardaşı ilə şəxsən danışmaq üçün evinə gəlib.

“O, Meqanın davranışları haqda deyilənlərdən dəhşətə gəlmişdi və Harrinin bu barədə nə deyəcəyini eşitmək istəyirdi. Qardaşlar arasındakı qarşıdurma şiddətli və hiddətli oldu”, - deyə Leysi kitabında yazır.

Bundan sonra Uilyam ailələrin ayrılmasının lazım olduğuna qərar verib və qardaşının yoldaşı ilə birlikdə Kensington Sarayını tərk etmələrini tələb edib.

Müəllif qeyd edir ki, Uilyamın həyat yoldaşı Keyt Meqanın davranışlarını müşahidə etdiyini və onun hər hansı bir planı olduğundan şübhələndiyini bildirib. 

“Eşitdiyi iddialar ona qarşı olan şübhələri təsdiqlədi. Monarxiyanın əziz prinsiplərini sarsıtdığına inanırdı”, - deyə müəllif yazır.

Onun sözlərinə görə, Uilyam Meqanın qardaşını ondan ayrı salacağından narahat idi və Harri isə öz növbəsində Uilyamın ona deyil, saray işçilərinə inandığına əsəbləşirdi.

Qeyd edək ki, mart ayında “The Times” nəşrində Meqan Marklın saray işçilərinə qarşı kobud davranışı barədə gedən xəbərlərdən sonra saray nümayəndələri bu iddianı təkzib etmişdilər. Bakinqem sarayı isə iddia ilə bağlı müstəqil istintaq aparacağını bildirmişdi.