\
29 Sentyabr 2024 - Bazar günü

Dövlət Dəniz Agentliyinin direktoru "Dənizçi Günü" münasibətilə təbrik ünvanladı

Dövlət Dəniz Agentliyinin direktoru "Dənizçi Günü" münasibətilə təbrik ünvanladı
1743baxış

Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycanda "Dənizçi Günü" peşə bayramı elan edilib. 

Mediapress.az bildirir ki, bu münasibətlə Dövlət Dəniz Agentliyinin direktoru Cavid Qurbanov təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

"Əziz dənizçilər! Hər il iyun ayının 25-nin dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd edilməsi bu peşəyə verilən dəyərin bariz nümunəsidir. 8 ildir ki, Azərbaycanda da həyatını çətin, şərəfli peşəyə həsr etmiş, cəmiyyətimizin fəal üzvləri olan və iqtisadiyyatımızın inkişafında böyük rol oynayan dənizçilər peşə bayramlarını rəsmi səviyyədə qeyd edirlər. Belə ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə 25 iyun tarixi Respublikamızda “Dənizçi Günü” peşə bayramı kimi qeyd edilir. Bu gün qurur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Onlar həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında üzən gəmilərdə dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında böyük rol oynayırlar. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dəniz nəqliyyatının inkişaf prosesi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli və uğurlu dinamika ilə inkişaf etməkdədir. Tarixi İpək yolunun bərpası, bu sahənin inkişafı məqsədilə mühüm sazişlərin imzalanması, nəqliyyat sektorunda nəhəng layihələrin reallaşdırılması, daniz nəqliyyatı sahəsinə iri həcmli investisiyaların cəlb edilməsi məhz ulu öndərin böyük fədakarlığının nəticəsində mümkün olub. Dəniz donanmasına malik keçmiş sovet respublikalarının bir çoxunda donanmalar qayğısızlıq və nəzarətsizlik səbəbimdən demək olar ki, dağılıb. Lakin bizim ölkəmizdə iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahəsindən birinə çevrilən dəniz nəqliyyatı nəzarətdə saxlanılıb. Bu gün də qeyd edilən sahəyə ölkə başçısının göstərdiyi diqqət və qayğının nəticəsidir ki, donanmada sərnişin bərələri, “ro-ro” tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur. Bu da ölkəmizin həqiqətən qüdrətli dəniz dövləti olmasını bir daha təsdiqləyir. Dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından mühüm göstərici olan dəniz donanmasını təşkil edən gəmilərin orta yaş həddinin azaldılması, ölkəmizin tranzit potensialının gücləndirilməsi, donanmanın yenilənməsi və müasir tələblərə cavab verən yeni gəmilərin tikintisi daim diqqət mərkəzində saxlanılır. Müstəqillik qazanıldıqdan sonra, xüsusən isə müasir dövrdə respublikamızda dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi mühüm səciyyə daşıyır. Bu sahədə aparılan siyasət, habelə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarət NRYTN yanında Dövlət Dəniz Agentliyi tərəfindən həyata keçirilir. “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təminatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçmiş şəxslərdir. Bu gün Dövlət Dəniz Agentliyi tərəfindən ölkəmiz üzrə dəniz nəqliyyatı ilə daşımaların təhlükəsiz həyata keçirilməsi məqsədilə dəniz üzgüçülüyünün təhlükəsizliyinin səmərəli və effektiv təşkili, eləcə də gəmilərin limanlara girişi və çıxışı zamanı vaxt itkisinin də qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülür və həmin işlər ciddi nəzarətdə saxlanılır. Xüsusilə vurğulanmalıdır ki, dəniz nəqliyyatı ilə daşımaların həyata keçirilməsi təhlükəsiz və etibarlı olmasa, bu sahə əcnəbi və yerli yük sahibləri üçün heç zaman cəlbedici ola bilməz. Belə ki, qeyd edilən amil nəqliyyat dəhlizləri ilə tranzit yükdaşımalarının həyata keçirilməsində yük sahiblərinin daim xüsusi diqqət etdikləri məsələdir. 2011-ci ildə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar zamanı Azərbaycan Respublikasının Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”na daxil edilməsi, həmçinin Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərin hazırlanması, onlara verilən diplom və sertifikatlarin Avropa İttifaqı tərəfindən tanınması Dövlət Dəniz Agentliyinin həyata keçirdiyi effektiv fəaliyyətinin nəticəsidir. Beynəlxalq Dəniz Təşkilatının ekspert qrupunun həyata keçirdiyi yoxlamanın nəticələrinə görə Azərbaycan bir sıra Avropa dövlətlərindən ön sırada yer tutdu. Bu hesabat Beynəlxalq Dəniz Təşkilatının Assamblyeasında da səsləndirildi. Üzv dövlətlərə Azərbaycanın təcrübəsindən yararlanmaq tövsiyyə edildi. Hazırda koronavirus (COVID-19) infeksiyasının zərərlərini minimuma endirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq məqsədilə Azərbaycanda vacib addımlar atılır. Bu tendensiya dəniz nəqliyyatı sahəsində də özünü göstərməkdədir. Belə ki, Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı yarandığından Dövlət Dəniz Agentliyi zəruri xidmətlərin göstərilməsi üzrə fəsadların qarşısının alınmasına dair planlar barədə Beynəlxalq Dəniz Təşkilatına, Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildiriş göndərib. Hazırda beynəlxalq səfərlər həyata keçirən, Azərbaycan bayrağı, eləcə də xarici bayraq altında üzən gəmilərdə dənizçilərimizin çalışdığı nəzərə alınaraq dənizçilərin etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomların) etibarlılıq müddəti müvafiq tələblərə riayət olunmaqla cari ilin 30 sentyabr tarixinədək uzadılıb. Koronavirus pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsinə dair planlar barədə Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildirişlər göndərilib. Nazirlər Kabinetinin yanında Operativ Qərargahın və Beynəlxalq Dəniz Təşkilatının (BDT) qeyd olunan məsələ ilə bağlı göstəriş və tövsiyələrinin Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində yerinə yetirilməsinə nəzarət olunması məqsədilə lazımi tədbirlər görülüb. BDT-nin qəbul etdiyi “Gəmilərdə COVID-19 hallarının və nəticələrinin idarə olunması üçün istismar mülahizələri”, “Dənizçilərinin sağlamlıqlarının qorunması məqsədilə gəmiçilik şirkətləri üçün Təlimat”ın nəzərə alınması məqsədilə gəmiçilik şirkətlərinə Dövlət Dəniz Agentliyi tərəfindən müvafiq tövsiyələr verilib. Bununla yanaşı, Agentliyin ən son texniki avadanlıqlarla təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən ərazi sularımızda istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin müşahidəsinin gücləndirilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir. Həmçinin xarici bayraq altında üzən gəmilərin heyət üzvləri ilə təmasın minimuma endirilməsi məqsədilə xüsusi katerlərdən istifadə edilərək həmin gəmilərə bələdçi xidmətləri göstərilməkdədir. Qeyd edilən işlərə cəlb olunan liman nəzarəti müfəttişlərinin və bələdçilərin fasiləsiz olaraq xüsusi xidməti maşınlarla iş yerlərinə daşınmasına, onların sosial izolyasiya tədbirlərinə əməl etməsinə ciddi nəzarət edilməkdədir. Müstəqillik illərində Azərbaycan Respublikasının dəniz nəqliyyatı sistemi Avropa və Asiya nəqliyyat sisteminə intensiv inteqrasiya edərək Avroatlantik məkanın mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Asiya ilə Avropa arasında birləşdirici körpü rolunu oynayan Azərbaycan dəniz nəqliyyatı infrastrukturunu möhkəmləndirməklə yanaşı, onun davamlı təkmilləşməsini, müasirləşməsini və modernləşməsini təmin edir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Azərbaycanın dəniz nəqliyyatı və tranziti potensialının artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verəcək.Əziz dənizçilər! Sizi bir daha peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, çətin və məsuliyyətli işinizdə uğurlar arzu edirəm."

Mediapress.az kollektivi adından dənizçiləri təbrik edirik. İndi və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!