\
27 Aprel 2024 - Şənbə

Azərbaycana yaxınlaşan “Delta” ştammı - Həkimlərdən xüsusi xəbərdarlıq

Azərbaycana yaxınlaşan “Delta” ştammı - Həkimlərdən xüsusi xəbərdarlıq
1616baxış

Son günlər Hindistanda meydana gələn COVID-19 virusunun “Delta” ştammı sürətlə yayılır. 90-dan artıq ölkədə qeydə alınan bu virus yeni dalğanın başlanğıcı kimi də qiymətləndirilir. Qazaxıstanın paytaxtı Nur-Sultanda son sutka ərzində qeydə alınan koronavirusa yoluxma hallarının 56 faizi “Delta” ştammının payına düşür.

Bugünlərdə Türkiyədə 134 nəfərdə yeni ştamma yoluxma faktı qeydə alınıb. Həmçinin Gürcüstanda da 20 nəfər sözügedən ştamma yoluxub.

Həkimlər hələ bir neçə ay bundan əvvəl bu qənaətə gəliblər ki, koronavirusun Hindistan ştammı (“Delta”) çox yüksək sürətlə yayılır. Ümumdünya Tibb Assosiasiyasının rəhbəri Frank Ulrix Montqomerinın sözlərinə görə, bu bakteriyalar mutasiya nəticəsində demək olar ki, dərhal xəstənin boğazında kök salır. O bildirib ki, yeni ştammın bu xüsusiyyəti ucbatından koronavirusa yoluxmuş insan artıq bir neçə saatdan sonra həmin ştammın daşıyıcısına çevrilir.

Ona görə də ilk günlərdə insanlar xəstəliyə tutulmalarını özləri də bilmədən COVID-19-u yaya bilərlər. Montqomeri qeyd edib ki, koronavirusun Hindistan ştammından xilas olmağın yeganə yolu bütün əhalinin peyvəndlənməsidir: “Yalnız bunun sayəsində insanlar yeni təhlükəli ştamma qarşı immunitet qazanacaqlar”.

AYNA problemə aydınlıq gətirməyə çalışıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, virusun müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır: “Bu günə kimi Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə, epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”.

İnfeksionist-hepatoloq İlahə Vəliyeva da deyib ki, “Delta” ştammı yeni olduğuna görə bu barədə ətraflı məlumat yoxdur: “İlkin məlumatlara görə, bu ştamma yoluxma zamanı respirator əlamətlərlə yanaşı, beyin-qan dövranının pozulması halları da yaranır. Bu mənada yaşlı insanlar, o cümlədən yanaşı xəstəlikləri, xüsusən qan təzyiqi olan xəstələr xüsusilə ehtiyatlı davranmalıdır. Lakin bunun digər əlamətləri hansılardır? Bu barədə dəqiq məlumatlar mövcud deyil”.

“Ehtimallara görə, bu ştamm daha sürətlə yayılır. Artıq dünyanın 100-ə yaxın ölkəsində bu ştamm yayılıb. Bu sırada Azərbaycanla qonşu dövlətlər də var. Misal üçün, Rusiya, Qazaxıstan, Gürcüstan və s. bu qəbildəndir. Ölkəmizlə kifayət qədər yaxın olduqları və xarici ölkələrə çıxış imkanlarının nisbətən asanlaşdığı üçün bu ştammın yarana biləcəyi ehtimalı çoxdur. Digər yandan, artıq toyların, şənlik mərasimlərinin keçirilməsinə də icazə verilib. Nəzərə alanda ki, bu ştamm daha sürətlə yayılır, bu xüsusda virusun sürətlə yayılma riski yüksəkdir”, - deyə həmsöhbətimiz vurğulayıb.
Vəliyevanın sözlərinə görə, Britaniya ştammı yayılan zaman çox ehtimal olunurdu ki, bu, Azərbaycanda böyük fəsadlar törədəcək: “Lakin şükürlər olsun ki, ciddi ikitlər olmadı. Son dövrlər yoluxma sayında xeyli azalma müşahidə olunur. Əhalinin kütləvi şəkildə peyvəndlənməsi aparılır. Bu günə qədər çoxlu sayda vətəndaşımız koronavirusa yoluxub və onlarda antitellər yaranıb. Digər yandan əhali artıq bu barədə zəruri informasiyalara malikdir. Bu mənada vəziyyəti müsbət qiymətləndirmək olar. Lakin qarşıdan respirator xəstəliklərin çoxaldığı payız ayları gəlir. Vətəndaşlara tövsiyyə edirəm ki, yenidən virusun aktiv yayılmaması və qapanmalara getməmək üçün sanitar-gigiyenik, habelə sosial izolyasiya qaydalarına əməl etsinlər. Bunlar baş verərsə və vərdişə çevrilərsə, biz bu sınaqdan da üzüağ çıxa bilərik”.

Həkim terapevt Elçin Abbasov isə AYNA-ya şərhində söyləyib ki, “Delta” ştammı digər ştamlardan fərqli səciyyəvi xüsusiyyətlərə malikdir: “Əsas xüsusiyyətlər iybilmə və dadbilmənin itməsi, mədə-bağırsaq traktından olan pozulmalar və ishaldır. Qurbanları isə əsasən gənclər olur. Digər viruslarda müşahidə edilən temperatur, boğulma, öskürmə kimi əlamətlər nisbətən az qeydə alınır. Bu ştamm daha sürətlə və daha qısa müddətə yoluxdurur”.

“Digər əlamətləri yaşlı insanlar, o cümlədən yanaşı xəstəlikləri olanlar üçün daha təhlükəlidir. Nəzərə almaq lazımdır ki, koronavirus bitməyib və bunun nə zaman bitəcəyi də bəlli deyil. Düzdür, Azərbaycanda yoluxma sayı ciddi şəkildə azalıb. Bu, müsbət məqamdır. Lakin bu, son deyil. Qarşıdakı aylarda respirator xəstəliklər artacaq və bunun fonunda yoluxmalar da çoxalacaq. Biz buna ciddi şəkildə hazırlaşmalıyıq”, - deyə mütəxəssis vurğulayıb.

Abbasovun sözlərinə görə, ölkələr arasında sərhədlərin açılması, təyyarərlərin hərəkəti koronavirusun müxtəlif ştamlarının, o cümlədən “Delta”nın sürətlə şəkildə yayılmasına zəmin yaradır: “Təsadüfi deyil ki, 100-ə yaxın ölkədə bu ştamm qeydı alınıb. Qonşu Rusiyada, Gürcüstanda və digər ölkələrdə artıq geniş yayılır. Bu mənada biz maksimum diqqətli olmalıyıq. Sosial izolyasiya qaydalarına, sanitar-gigiyenik qaydalara ciddi riayət etməliyik”.

“Əks halda yenidən qapanmalar qaçılmaz olacaq. Eyni zamanda koronavirusa qarşı mübarizədə “qızıl standart” sayılan vaksinasiya prosesini sürətləndirməliyik. Bəzən peyvəndə qarşı inamsızlıq hallarını müşahidə edirik. Lakin unutmaq olmaz ki, müasir dünya virusa qarşı mübarizədə peyvənddən yaxşısını icad etməyib”, - deyə terapevt fikrini yekunlaşdırıb.