\
29 Sentyabr 2024 - Bazar günü

Prezident bir gündə 4 səfirimizi geri çağırdı - Yeni təyinatlar - VİDEO

Prezident bir gündə 4 səfirimizi geri çağırdı - Yeni təyinatlar - VİDEO
1414baxış
Bu gün Prezident İlham Əliyev Azərbaycanın bir neçə xarici ölkədəki səfirləri ilə bağlı sərəncam imzalayıb.
 
Mediapress.az -ın məlumatına görə, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim geri çağırılıb onun yerinə Qazaxıstandan geri çağırılmış səfir Rəşad Məmmədov təyin edilib.
 
Xəzər İbrahim isə Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrinə təyin edilib.
İndiyə kimi bu vəzifələri icra edən Elin Emin oğlu Süleymanov geri çağırılıb, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Azərbaycanın Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad Eldar oğlu İsgəndərov da vəzifələrindən geri çağırılıb. Prezidentin sərəncamı ilə, o bundan sonra İsveçrədə ölkəmizi təmsil edəcək.
 
Belçika Krallığına isə Vaqif İsmayıl oğlu Sadıqov göndərilib. Latviyadakı səfirimiz də dəyişib. Cavanşir Əşrəf oğlu Axundov Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldıb, onun yerinə Elnur İxtiyar oğlu Sultanov təyin edilib.
 
Prezidentin bu gün imzaladığı sərəncamla Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmova vəzifə verib. O, Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Xatırladaq ki, Anar Məhərrəmov bu ilin aprel ayında Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılmışdı.
 
Qeyd edək ki, BakuPost bir neçə gün əvvəl 9 səfirin geri çağrılacağı ilə bağlı xəbər yaymışdı. Həmin siyahıda yuxarıda adı çəkilən səfirlər də var idi.