\
28 Sentyabr 2024 - Şənbə

“Azəriqaz” Novxanıda “Açıq mikrofon” aksiyası keçirib

“Azəriqaz” Novxanıda “Açıq mikrofon” aksiyası keçirib
1319baxış

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Abşeron rayonunun Novxanı qəsəbəsindəki yeni yaşayış massivində ("Novxanı " dəmir yolu stansiyasının yanında) növbəti - ikinci “Açıq mikrofon” aksiyasını reallaşdırıb.

Mediapress.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Səyyar qəbul otaqları” vətəndaşların rahat şəkildə öz problemlərini səsləndirməsi üçün saat 10:00-dan 13:00-a qədər işlək vəziyyətdə olub.

Birinci aksiyanın effektivliyi, “Açıq mikrofon”a qarşı yaranan güvən bu aksiyanın əhatə dairəsinə təsir edib. Belə ki, Bakının müxtəlif ərazilərində yaşayan vətəndaşlar Novxanıya gələrək, mövcud problemlərini səsləndiriblər.

“Açıq mikrofon” vasitəsi ilə səsləndirilən problem və təkliflər “Azəriqaz”ın rəhbərliyi tərəfindən ən qısa müddətdə araşdırılaraq, həlli istiqamətində müvafiq göstərişlər veriləcək. Burada məqsəd vətəndaş məmnunluğuna maksimum dərəcədə nail olmaqdır.

“Bildiyimiz kimi, Cənab Prezident hər fürsətdə bəyan edir ki, hər bir dövlət qurumunun, hər bir məmurun ən ali işi vətəndaş məmnunluğunu təmin etməkdən ibarət olmalıdır. Yəni hər bir məmur birinci növbədə xalqın xidmətçisidir. “Səyyar qəbul otaqları” məhz bu tapşırığa adekvat olaraq öz fəaliyyətini tənzimləyir. “Açıq mikrofon” aksiyası mütəmadi olaraq təşkil olunacaq. Növbəti marşrut əvvəlcədən elan olunacaq”, - deyə məlumatda qeyd olunub.