\
28 Sentyabr 2024 - Şənbə

Azərbaycan bir sıra Avropa ölkələrindən öndədir - Deputatdan açıqlama

Azərbaycan bir sıra Avropa ölkələrindən öndədir - Deputatdan açıqlama
1401baxış
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatında daha yüksək mövqeyə sahib olması ölkəmizə daha çox sərmayenin cəlb edilməsinə stimul yaradacaq.
 
Bunu Bakupost.az -a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
 
Onun sözlərinə görə, Azərbaycan azadlıq indeksinə görə ən yaxşı mövqeyə malik 40 ölkədən biridir. “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan praktik olaraq, Avropa birincisi olan bir çox ölkələrdən daha yaxşı mövqeyə malikdir.
 
Siyahıda ölkəmizdən 1 pillə öndə, yəni 37-ci yerdə Belçika, 1 pillə sonra isə İspaniya yer alır. Ölkəmiz Polşa, Rumuniya, Sloveniya, Portuqaliya, Macarıstan, Slovakiya və digər bir sıra Avropa ölkələrindən öndədir".
Deputat qeyd edir ki, indeks hazırlanan zaman 4 istiqamət üzrə qiymətləndirmələr aparılıb.
 
Onlar "qanunun aliliyi", "hökumətin ölçüsü", "tənzimlənmənin səmərəliliyi" və "bazarın açıqlığı"dır. Azərbaycan həm "qanunun aliliyi", həm də "hökumətin ölçüsü" kateqoriyasında olan 6 alt istiqamətin hər birində öz mövqeyini daha da yaxşılaşdırıb. Ölkəmizin "tənzimlənmənin səmərəliliyi", "monetar azadlıq" üzrə mövqeyində artımlar var. Azərbaycanın bu qiymətləndirmədə ən yüksək balı "fiskal sağlamlığ"a görədir. Belə ki, Azərbaycan mümkün 100 baldan 99,4 bal toplaya bilib. "Vergi sistemi"nə görə də Azərbaycan 88,1 bal toplayıb. Eyni zamanda, "humanitar azadlıq" üzrə 73,2 bal, "biznes azadlığı uğrunda" 80-dən yüksək bal toplayıb:
 
“Əksər istiqamətlər üzrə Azərbaycan kifayət qədər yüksək bal toplayıb. Bu da praktik olaraq Azərbaycanın hesabatdakı mövqeyinə təsir göstərir. Hesabatda Azərbaycanın mövqeyinin yüksək olması ölkədə aparılan islahatlara beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Bu hesabat dünyada qəbul edilən hesabatlardandır. Hesabatda müəyyən edilmiş “İqtisadi azadlıq indeks”i investorlar üçün vacibdir. Çünki burada həm vergi sistemi, həm fiskal, həm monetar, həm hüquq sistemi, investisiya və maliyyə üzrə qiymətləndirmələr var. Bu da investorların qərarlarına təsir göstərən faktorlardan biridir. Hesabat Azərbaycanda həyata keçirilən islahatların beynəlxalq təqdimatı baxımından vacib olmaqla yanaşı, Azərbaycana daha çox sərmayenin cəlb edilməsinə stimul yaradacaq”.