\
28 Sentyabr 2024 - Şənbə

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEF-2021” sərgisində iştirak edir

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEF-2021” sərgisində iştirak edir
1439baxış

17-20 avqust 2021-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir.Sərgidə Azərbaycan Respublikasının Müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Bu barədə Mediapress.az-a nazirlikdən məlumat verilib.

Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.

Sərgi zamanı Müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.

“IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işini avqustun 20-dək davam etdirəcək.