\
25 Aprel 2024 - Cümə axşamı

Azərbaycan güləşçisi: "İlk dəfə keçirilən yarışda qızıl medal qazanmaq gözəl hissdir"

Azərbaycan güləşçisi: "İlk dəfə keçirilən yarışda qızıl medal qazanmaq gözəl hissdir"
1484baxış

"Buradan Azərbaycana salam göndərirəm. Bütün görüşlərim rahat keçdi. İlk ikisində tam üstünlüklə qələbə qazandım".

Bunu "Mediapress.az"a açıqlamasında Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə deyib.

55 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, yalnız qazaxıstanlı İsxar Kurbayevlə yarımfinal qarşılaşması çətin alınıb: "Şükürlər olsun, onu da keçdim. Finalda isə rusiyalı Qurban Konaliyevə 7:2 hesabı ilə qalib gələrək çempion oldum. Əziyyətim yerdə qalmadı".

Quluzadə final görüşündə 0:2 hesabı geridə olmasına baxmayaraq, əzmkar qələbə qazanmasına da toxunub: "Məşqçim dedi ki, tələsmə. Mən də onun dediklərini edib, xallar qazandım. İkinci hissədə isə rəqibi parterə salıb. qələbə qazandım".

Güləşçi ilk dəfə təşkil olunan yarışla bağlı təəssüratlarını da bölüşüb: "Federasiya bizim üçün hər bir şəraiti yaradıb. Təlim-məşq toplanışları keçdik. İlk dəfə keçirilən yarışda qızıl medal qazanıb tarixə keçdim. Çox gözəl hissdir. İnanıram ki, bundan da böyük nailiyyətlər əldə edəcəyəm".