\
30 Noyabr 2024 - Şənbə

Nuridə Alahyarova vəzifəsindən getdi

Nuridə Alahyarova vəzifəsindən getdi
1500baxış
Mediapress.az xəbər verir ki, bu barədə Nuridə Allahyarova özü facebook sosial şəbəkəsi üzərindən payaşım edib. Onun DANX-dan getmək səbəbi ilə bağlı fikirlərini təqdim edirik: "Əziz dostlar, həmkarlar, dəyərli media mənsubları, doğma ictimaiyyətim, ümumiyyətlə yolun bütün iştirakçıları. Yol bitir, yenisi başlayır. Mənim də Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə müşayət olunan yolum bu gün bitdi. 4 il. 4 il sizinlə bütün mövzularda açıq müstəvidə ünsiyyət qurduq. Yeganə nömrəmi hamınızla sosial şəbəkə üzərindən paylaşdığım zaman əmin idim ki, mənim yolumun heç bir iştirakçısı yersiz zəngi ilə məni narahat etməyəcək. Lazım olduğum anda axtaracaq məni. Bilmirəm sizə kömək edə bildimmi hansısa məqamlarda, amma inanın vicdanıma ki, kömək edə bilmək üçün heç bir müraciətə sıradan baxmadım. Təbii ki, obyektiv səbəblərdən, bəzən səlahiyyət xaricimdə olan məqamlardan irəli gələrək sorğularınıza müsbət cavab verə bilməməyimin narahatlığını yaşadım. Amma. Amma yaxşı olan, müsbət icra etdiyim nə vardısa hamısını qurumumun rəisi Həbib Həsənova borcluydum. Mən dövlət qurumunda təmsil olunduğum BNA-da işdən çıxdıqdan sonra uzun müddət fasilə verdim dövlət orqanlarında çalışmağa. Səbəblərim heç də qeyri-adi deyildi. Dövlət üçün çalışmaq heç də təkcə dövlət orqanında işləməklə olmur. Amma 4 il əvvəl Həbib Həsənovun dəvəti ilə quruma gəldim. İş görüşünə getdiyim gün o qədər casual bir görkəmdə idim ki, sanki illərlə dövlət qulluqçusu olan, ölkənin ən nüfuzlu nazirliklərində vəzifəli şəxs qismində təmsil olunan mən deyildim. Məni qəbul etdi. Düşündüm ki, sıravi rəislər kimi o da ilk olaraq geyimimdəki smart görüntüyə diqqət edib mənimlə yola çıxmamış yolunu yarıda kəsəcək. Olmadı, tam əksinə, yerindən qalxdı və mənimlə üzbəüz əyləşərək söhbətə başladı. Nə danışdığımızı deməyəcəm. Amma o gün bu geyimdə, bu saymazlıqda ora gəldiyim üçün utandım özümdən. Adam ancaq bu qədər əsilzadə ola bilərdi. Adam dövlətinə, prezidentinə, icra etdiyi işə, tutduğu vəzifəyə və atasına ancaq bu qədər hörmət qoya bilərdi. Bəli yanılmadınız - atasına. Biz bir saata yaxın nəqliyyatın problemlərindən, kadr, peşəkar azlığından danışdıq. “Nə edə bilərik” idi müzakirə olunan mövzu, “bunu etməlisən” deyildi tərz. Həbib Həsənov atası Namiq Həsənovun oğluydu. Bunu da bildiyim üçün bu cür danışmağı məndə dövlətə sadiqliyi ilə bağlı heç bir şübhə oyada bilməzdi. Atam həmişə danışırdı ki, Namiq müəllim bir obanın ağsaqqalı deyildi təkcə, o, Azərbaycanın hərb və siyasət tarixində Heydər Əliyevə ən sadiq adamlardan, dövlətinə dəli kimi aşiq insanlardan biri idi. 1990-92-ci illərdə Naxçıvan Daxili İşlər Nazirliyinin polkovniki, ulu öndərin təyinatı ilə Naxçıvana rəhbərlik edən, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini işləmiş Namiq Həsənov oğlunu başqa cür yetişdirə bilməzdi. Mən 20 yaşımdan etibarən bütün rəhbərlərimin ali və mənəvi kriteyiralarını dəyərləndirib onlarla birbaşa işləməyə razılıq vermişəm. Və yenə də qərar verdim. Başladı DANX yolum. Həbib müəllimlə çalışdığım bu 4 ildə mən bu adamda bir dəfə də vəzifəsindən sui-istifadə görmədim. Həbib müəllim təyin olunduğum gündən efidə cəmi 2 dəfə göründü. Təkidlərim cavabsız qalırdı. Mən onu efirə çıxara bilmirdim. “Nuridə, nə zaman ki, bu ölkənin vətəndaşı üçün ona layiq xidmət təşkil edə biləcəm, o zaman da çıxıb danışacam. Hələ ki, suallarını sən cavabla insanımızın. Mən ölkə başçımın və vətəndaşımın qarşısında hələ borclu tərəfəm” deyən bir rəislə işləməkdən qürur duymuşam. Regionlarda hələ AYNA-ya qədər 4 il əvvəl ciddi struktur pərakəndəliyi vardı. Müəssisələr hamısı regional xanlıq və bəylikləri xatırladırdı. İnstusional dəyişiklik edərək pərakəndəliyə son verən qərarı, vahid idarəetmə mexanizmi ilə nəqliyyatın hətta nazirliyimizə tabe olmayan 56 avtovağzalının belə daxili inzibati qərarları istisna xidmət sahəsindəki mexanizminə nəzarəti təşkil etməsi, illərlə problem kimi üstündən keçilən qanunvericilikdə müəyyən boşluqların yenidən işlənməsinə dair aidiyyatı qurumlar qarşısında qaldırdığı məsələlər və təqdim etdiyi təkliflər, lisenziyaların ləğvindən sonra əsas icazə sənədi hesab edilən Fərqlənmə nişanının yolun heç bir içtirakçısı üçün təhlükəsizlik baxımından əsas sayılmayacaq sənəd olduğuna dair qaldırdığı problemlər bu insanın nəqliyyat sahəsindəki sizin bəlkə görmədiyiniz, çoxunun etiraf etməkdən imtina etdiyi, amma susarsam vicdanımın rahat olmayacağı tərəfləri idi. Yerli daşıyıcılarımızın ən böyük problemi bilirsiniz nə idi? İki ölkə arasında baş tutan qarışıq komissiyalarda dövlətlər bir-birinin yükdaşıyıcıları üçün öz ölkələrinin ərazilərində daşımaları icra etmək məqsədilə bərabər sayda kvota üzrə “İcazə blankı” təqdim edirdilər. Həmin İcazə blankları bitdiyi anda bizim daşıyıcımız heç bir xarici ölkə ərazisinə keçmə haqqına sahib deyildi. Amma Azərbaycan tərəfinə xarici ölkənin əldə etdiyi İcazə blankı bitərsə, həmin ölkə daşıyıcısı rahat şəkildə gömrük sərhəd məntəqəsində rəsmi rüsumu ödəyərək keçə bilirdi. Daşıyıcılarımızın haqq səsini, onların bu rüsumla əslində xarici daşıyıcalarla rəqabətdə məhv olduğunu bütün müvafiq instansiyalara rəsmi bildirən bir adam idi Həbib müəllim. Həbib müəllim, mən nəqliyyat sahəsində nail olduğum bütün təşəkkürləri sizə borcluyam. İstədim ki, bu yazıma görə mənə əsəbləşsəniz belə, hər kəs xidmətlərinizin bir qismindən məlumatlı olsun. AYNA. AYNA-ya qədər bir yol gəlindi. Gecə-gündüz peşəkar komandanızla cənab prezidentin müvafiq fərmanı ilə təsis edilən AYNA üçün təkliflər hazırladınız, problemlərin təhlil külliyatını işlədiniz. Cənab prezidentin müvafiq fərmanını gördüyünüz anda “Nuridə, prezidentim nəqliyyata yeni nəfəs gətirdi” deyə ən çox sevinən siz oldunuz. Dövlət Avtomobil Nəqliyyatı Xidməti missiyasını tamamladı və qurumun sonuncu rəhbəri Həbib müəllim oldu. Artıq Həbib Həsənov Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının ( ABADA) İdarə Heyətinun sədri qismində yoluna davam edəcək. Yeni başlanğıclar olacaq zənnimcə, çünki o cür peşəkar kadr yeniləşən Azərbaycana çox lazımdır! Mənim AYNA-da təmsil olunmağım üçün cənab nazirin sahəmiz üzrə təyin etdiyi müvafiq müşaviri öz təklifini etsə də, mən bu gün öz ərizəmlə işdən ayrılıram. Bu dünyada ən boş nəsnə vəzifədir, dolu olan o vəzifədə icra etdiklərimizdir. Və mən dolusunu yaşadım vəzifəmin. Nazir Rəşad Nəbiyevə mənə sahə üzrə ən keyfiyyətli və peşəkar müşavir Rəşad Bayramovu təyin etdiyi üçün, nəqliyyat sahəsinə kurasiyada ən peşəkar müavin olan Rəhman Hümmətovla iş birliyi şansını yaratdığı üçün təşəkkür edirəm. Tələbə yoldaşım, bir qarnımız ac, bir qarnımız tox olsa da əlimizdən kitab düşməyən ortağım Arif Məmmədovu ölkənin ən nüfuzlu qurumuna rəhbər təyin etdiyiniz üçün sizə təşəkkür edirəm, cənab nazir. Həyatımın ən çətin dönəmində mənə rektoru olduğu universitetdə müşavirlik təklif etdiyinə görə söz götürən Fərid müəllimi müşavir təyin etdiyinizə görə sizə sonsuz ehtiramımı çatdırıram. Efirdə hər çıxışımdan sonra bəziləri kimi yersiz səhv tutmaq üçün müdaxilə etmədiyinizə, işimi rahat icra etdiyimə şərait yaratma etibarınıza görə də ayrıca təşəkkür. Bu gün qurumumuzun inzibati binasını ziyarət etdiyinizdə komandamız haqqında, Həbib Həsənov haqqında söylədiyiniz müsbət fikirlər üçün təşəkkür, Rəşad müəllim!Bu yola ilk çıxdığımda mənə dəstək olan müavin Əli Abdullayevə, keçmiş müşavirim Tahir Məmmədova, ilk başladığımda dəstəyinin çox önəmli olduğu İbrahim Əliyevə, qurumumuzun ağsaqqalı Bəxtiyar Qasımova, 7/24 işlə bağlı başlarını apardığım regional rəislərimizə, qurumumun bütün əməkdaşlarına, ANDT-nin keçmiş rəhbəri Vüqar Süleymanzadəyə və yeni rəhbəri Natiq Dadaşova, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin keçmiş rəhbəri - doğmam - Cümşüd Bağırova, yeni rəhbəri Camal Sadıqova və Milli Qəhrəman olan əməkdaşımız Ehtiram müəllimə təşəkkür edirəm. Ən əzizlərim-media mənsubları-haqqınız ödənilməyəcək qədər çoxdur-halal edin! Biz hamımız komanda idik! AYNA-ya uğurlar. Dünyada ən böyük mükafat xidmət etdiyin insanların məmnunluğudur. Haqqınızı halal edin! Yeni missiyama harda davam edəcəyimi bilmirəm, amma hər kəsin başlanğıcı uğur gətirsin!".