\
30 Noyabr 2024 - Şənbə

AzTU-da doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı baş tutub

AzTU-da doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı baş tutub
1431baxış

Noyabrın 23-də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan Doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı öz işinə başlayıb.

Əvvəlcə konfrans iştirakçıları kitab sərgisi və Nizami Gəncəvi yaradıcılığına həsr olunan stendlərlə tanış olublar. 

Açılış mərasimi şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfrans iştirakçılarını salamlayan Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qeyd edib ki, yeni nəsil texniki universitetlər sahibkarlıq ekosistemini və yüksək texnologiyalar bazarını formalaşdırmalı, ölkə iqtisadiyyatının qlobal rəqabət qabiliyyətini təmin etməlidir. Bu missiyaları həyata keçirmək üçün AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası hazırlanıb və universitetin Elmi Şurası tərəfindən təsdiqlənib.

Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda Azərbaycan təhsilinin, elminin qarşısında duran əsas məsələ yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Nazir müavini qeyd edib ki, qloballaşan dünyanın yeni tələblərinə cavab vermək, ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislər yetişdirmək məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub. Artıq 4 beynəlxalq ikili diplom proqramının icrasına başlanılıb. Hədəf Azərbaycanın ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Mediapress.az xəbər verir ki, AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru Vaqif Fərzəliyev çıxış edərək akademiyanın alimlərinin ali təhsil müəssisələrinin əməkdaşları ilə birgə elmi layihələrdə iştirakından danışıb.

Konfransda iştirak edən İstanbul Universitetinin rektoru Mahmud Ak da öz növbəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev isə Azərbaycanda elm və innovasiyalar sahəsində görülən işlər və bu istiqamətdə aparılan siyasətdən danışıb. 

Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorant və gənc tədqiqatçılarının ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki, gəncləri elmi yaradıcılığa yönəltmək və onların elmi tədqiqatlarının nəticələrinin müzakirəsini aparmaq məqsədilə təşkil olunan konfransa 246 məqalə qəbul olunub. 14 bölmədə davam edəcək konfrans işini noyabrın 24-də yekunlaşdıracaq.