Belarusda terror törətməyə cəhddə şübhəli bilinən şəxslər saxlanılıb
Belarusda terror aktları törətməyə cəhddə şübhəli bilinən bir qrup şəxs saxlanılıb.
Bu barədə Belarusunu İstintaq Komitəsi məlumat yayıb.
"Cinayətkar dəstə bir neçə dəfə məhkum olunmuş şəxslər də daxil olmaqla, azı beş nəfərdən ibarət olub. Onların məqsədi ölkədə sabitliyi pozmaq və hökumət orqanlarının işində nizamsızlıq yaratmaq üçün inzibati binaları, polis əməkdaşlarının xidməti və şəxsi avtomobillərini yandırmaq olub”, - deyə açıqlamada bildirilib.
İstintaq Komitəsi bildirib ki, saxlanılan şəxslər avqustun 16-da Minskin Frunzenski rayonunda polis bölmələrindən birinin binasını yandırmağa cəhd etməkdə şübhəli bilinirlər. İstintaqın məlumatına görə, şübhəlilərin hərəkətləri lentə alınıb.
İstintaq Komitəsinin Minsk üzrə şöbəsi qrup üzvlərinə qarşı Cinayət Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndi, 289-cu maddəsinin 2-ci bəndi (terror aktı törətməyə cəhd) ilə cinayət işi qaldırıb. Bu maddələrə əsasən saxlanılanlar 20 ilə müddətə qədər azadlqıdan məhrum edilə bilər. (apa)