Geri qayıdacaq məcburi köçkünlərin statusu ilə bağlı qanun layihəsi hökumətə təqdim olunub
"Azad edilən ərazilərə əhalinin repatriasiyası prosesinin fundamental əsaslarının müəyyən edilməsi üçün ilk növbədə keçmiş məcburi köçkünlər arasında sorğular aparılıb. Sorğuların nəticələrinə əsasən, müvafiq planlaşdırma sxemləri hazırlanıb".
Mediapress.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları adlı elmi-praktiki konfrans"da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əhalinin repatriasiyası sosial demoqrafik dinamika nəzərə alınmaqla könüllülük, sosial ədalətin qorunması, o cümlədən əmlak və mülkiyyət hüquqlarının qorunması kimi prinsiplər əsasında aparılıb: "Məcburi köçkünlərin qayıdışının effektiv təşkili və hüquqi bazanın yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi baxımından Dövlət Komitəsi tərəfindən artıq həmin şəxslərin statusu haqqında qanun layihəsinin ilkin variantı Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, rəy bildirmək üçün müvafiq nazirlik və komitələrə təqdim olunub. Həmçinin əhali arasında məlumatlılığın təmin olunması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin əhatəliliyinin şaxələndirilməsi ediləcək işlərə daxildir. Eyni zamanda, əhalinin repatriasiyası ilə bağlı məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili, müvafiq məlumatların əlçatanlığının təmin olunması üçün elektron məlumat bazasının yaradılması da qabaqcıl işlər sırasındadır".