ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər - VİDEO
ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər.
Mediapress.az xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib.
“Ötən gecə erməni radikalları erməni terrorçu Qurgen Yanikyanın fotosunu konsulluğun binası qarşısından asıblar. Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatlarını qətlə yetirib. Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, Los-Ancelesin Federal Təhqiqat Bürosunu və Los-Anceles polisini bu məsələni araşdırmağa çağırırıq”, - baş konsul qeyd edib.
Erməni terrorçu, türk diplomatların qatili Qurgen Yanikyan 27 yanvar 1973-cü ildə Santa Barbara şəhərində yerləşən "Baltimor" otelində Türkiyənin Los-Ancelesdəki konsulu Məhməd Bayduru və vitse-konsul Bahadur Demiri qətlə yetirib. O, həmin il məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq həbsdən azad olunub və bir ay sonra vəfat edib.